23 Dekabr 2024, Bazar ertəsi

Yolumuz Şahbuz rayonunun Keçili kəndinədir. Yolboyu təbiət yazın bu allı-güllü vədəsində üzümüzə gülür. Otu qurşağa çıxan, gülü-çiçəyi sinə sığallayan çöllərin, çəmənlərin gözəlliyini cəh-cəh vuran quşların səsi daha da cazibədar edir. Dağlara sarı boylananda zirvələrdən üzüaşağı dərələrin sinəsini oxşaya-oxşaya axan çeşmə suları dərələrin dibindən keçən çaya qoşulur. 


Hər kəs yüz il yaşamasa...

Səhər saatlarıdır. Günəş qarşıdakı dağların sinəsindən qalxaraq al şəfəqlərini dərənin-təpənin, gülün-çiçəyin, çayın-çeşmənin üzərinə yaydıqca təbiət bəzənmiş bir gözələ oxşayır. Kəndə yaxınlaşdıqca burada təbiətin insan ruhuna hakim kəsilən bir gözəlliyə sahib olduğunu görürük. Uzunömürlülər diyarı olan Keçilidə yaşı yüzü haqlayan, ya da iki əsrin şahidləri təvəllüdlərini xalı-xalçaya, məcməyiyə, qazana, sərnicə yazmaqla bu kəndin unudulmayan qədim tarixini yaratmışlar. Çünki həmin tarixlər hansısa hadisəni yaddaşlara salır. Kənddə görüşdüyüm uzunömürlülərdən bir neçəsi öz doğum tarixini həmin vaxt baş vermiş hadisələrlə əlaqələndirərək dedilər: “Sovet kəndə gələndə mənim iki yaşım var imiş”, “Bu kəndə bolşeviklər ayaq açanda mən hələ gətir-götür işlərinə də buyurulmurdum”.

Beləcə, ahıllar müxtəlif tarixi hadisələri xatirələrində yaşadırlar. Kənddə olarkən burada bir yas mərasiminin olduğunu eşitdim. Kəndin özünəməxsus adət-ənənələrini yaşadan insanların həmin məclisdə olduğunu bildiyimdən onlarla elə yas mərasimindəcə görüşdüm. Oturuşu-duruşu, ədəb-ərkanı məktəb olan ağbirçəklərin, ağsaqqalların bir neçəsi ilə söhbət edib uzunömürlülüyün sirrini soruşdum:
– Keçili kəndinin ab-havası can məlhəmidir. Bura dağ havasının sərinliyi ilə aranın quru havasının görüş yeri, bir-birinə qovuşduğu oylaqdır. Suyumuz da, yeməyimiz də hava qədər loğmandır. Azar-bezarı kəsər, dərdi-bəlanı tökər. Burada su içməkdən doymazsan. Belə yerdə yaşamağa nə var ki? Yüzü də haqlayarsan, hələ o tərəfə də keçərsən. Ömrümüz-günümüz açıq havada, alaçıqda keçib, soyuqda yun, istidə pambıq geyinmişik. Yazda yaylaq, qışda qışlaq oylağımız olub. Torpağa əyilmişik, ona alın tərimiz qarışıb.
Bildirdilər ki, bu kənddə son illərə qədər yaşayan, 107 il ömür sürən Fatma Əsgərova və 100-ü haqlayan Bənövşə Məsməliyeva, Mahbəyim Kərimova zəhmətə mehr salıb uzun ömür sürmüşlər.
Dünyagörmüşlərlə söhbət etdikcə fikirləşirdim ki, bu kəndə gələn hər hansı bir qonaq burada günlərlə yox, aylarla qalmaq istəyər. Çünki hər könüldə bir dünyalıq arzu olduğunu, qəlbin genişliyini, ürəyin açıqlığını görməmək, ona məftun olmamaq mümkünsüzdür. Dünyanın harasında belə bir kənd var ki, orada bağışlamağı da, alqışlamağı da yerində-yatağında bilən insanların uzun ömür sürməsinin səbəbini torpaqda, yurdda, dədə-baba qaydalarında, adət-ənənələrdə gördüklərinə əmin olasan. Kənddə məhəllələri, küçələri keçib dağ döşündə tikilmiş evlərə üz tutanda hansı tərəfə baxırdımsa, evlərin, həyətlərin sahmanını görürdüm. Elə bilirdim ki, dünya burada qurtarır.

Dövlət qayğısı sakinlərin rahatlığını təmin edib

İllərlə köhnəlik havası ilə yaşayan kəndə xoş günlərin sorağını müstəqillik illəri gətirib. Qocaman kənd sakinləri keçmişdə qaraçıraqlı, beliyarıqlı yer damlarında, hisli-paslı evlərdə yaşadıqlarını dedilər. Kəndin ağsaqqalı Əli Əliyev o vaxtlar “cındırımızdan cin ürkərdi, bir həsirdi, bir də məmmədyesir”, – dedi. Amma indi, şükür Tanrının kərəminə, nəyimiz yoxdu ki? Son 15-20 ildə kəndimizə hər cür qayğı göstərilib. Yollarımız keçmişdəki kimi zığ-palçıq, daş-çınqıl deyil, qara asfaltdı. İşığımız, qazımız, suyumuz, evimizdə istədiyimiz yaxşı şəraiti yaratmağa imkanımız var. Son vaxtlar kəndlərə turistlərin gəlməsi ilə bağlı söz-söhbətlər eşidirik. Vallah, kəndimizdə belə gözəl şərait yaradılandan sonra ilin elə bir fəsli olmaz ki, bu kəndə gələn qonaq-qaranın sayı azalsın. Yaz, yay, payız aylarında isə az qala hər evin bir qonağı olar. Biz də əlimizdən gələn qədər onlara hər cür hörmət edirik, qonaq saxlayırıq. Varımızdan-yoxumuzdan pay tuturuq.
Rayon mərkəzindən 20 kilometr məsafədə yerləşən Keçili kəndini başlanğıcını Üçqardaş, Camal qalası, Sərxan səngəri kimi dağlardan götürən gur çay ikiyə bölərək axarlı-baxarlı edir. Çeşmələrin, dağ sellərinin əl-ələ veribmiş kimi uca dağların sinəsindən şırımlar açıb, yarğanlar yaradıb çaya tökülməsi sayəsində çayın suyu elə bil ki, aşıb-daşır. O şırımlar, yarğanlar kəndin ətəyində toxtayır. Dağ sularının birləşib çaya töküldüyü yerdə kiçik bir şəlalə də yaranıb. Belə bir əsrarəngiz təbiət mənzərəsi olan kəndə son illərdə dövlət qayğısı ilə, sakinlər demişkən, xeyli sığal çəkilib. Köhnələr təzələnib, yenisi ilə əvəzlənib. Abadlıq, yenidənqurma kəndə başqa bir mənzərə bəxş edib. Kənd sakinləri torpağa, yurda bağlı insanlar olduqlarından onun bir qarışını belə, boş qoymayıblar.
Keçilidə kənd sakini Vüqar Səfərovla bu yurd yerinə göstərilən dövlət qayğısından və buranın turizm imkanlarından söhbət açdıq. Həmsöhbətim sərhəd kəndinin bənzərsiz təbiət gözəlliklərindən, əsrarəngiz mənzərələrindən, bərəkətli torpağından həvəslə danışaraq dedi:
– Son illər Şahbuzun bu sərhəd kəndi də inkişaf yoluna qədəm qoyub. Kəndə göstərilən dövlət qayğısı ilə burada yeni infrastruktur sahələri yaradılıb. Bu gün xoş günlərdən soraq verən bir gözəllik ünvanına çevrilib Keçili kəndi.
Qeyd etmək istəyirəm ki, kənd camaatını ən çox razı salan kəndin binə olunduğu vaxtdan girəcəyindəki sıldırım qayaların ətəyi ilə axan Şor və Şirin çayların üzərindəki bərbad körpünün yenidən salınmasıdır. Bu gün 419 təsərrüfatda birləşən 1764 nəfərin yaşadığı 282 ev bu sərhəd kəndində düşmənə gözdağına, xoş günlərin sorağı kimi yeniliyin göstəricisinə çevrilib. Dövlət qayğısı nəticəsində kəndin cavanları burada yurd-yuva salıb, ev qururlar. Keçilinin “Aralıq” adlanan massivində hazırda 13 evdə 32 nəfərə yaxın kənd sakini məskunlaşıb. “Aralıq”dan başqa, kənddə bir məhəlləyə də Keçili çayından dağların döşü ilə təsərrüfat suyu və Çınqıllı bulağından içməli saf su çəkilib.
Bağlarda səliqə ilə sıralanmış meyvə ağaclarına baxanda isə kənd sakinlərində əsl təsərrüfatçı səliqəsinin olduğunu görmək mümkündür.
Burada əhaliyə tibbi xidmət üçün həkim ambulatoriyası fəaliyyət göstərir. Kənd sakinlərindən bir neçəsi həmin müəssisədə işləyir. Kənd mərkəzində yerləşən mədəniyyət evi, kitabxana, baytarlıq, ATS və başqa xidmət sahələri əhalinin istifadəsindədir.
Sevindirici haldır ki, kənddə əhaliyə göstərilən rabitə xidməti də müasir elmi-texniki yeniliklərə əsaslanır. Keçilidə 260 nömrəlik ATS quraşdırılıb.

Kənd məktəbinin öz ənənələri var

Beş yüz dörd yerlik yeni məktəb binasında təhsil alan kənd uşaqları yaxşı oxumaqla həm müəllimlərini, həm də valideynlərini sevindirirlər. Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Hüseyn Nağıyev bu təhsil ocağının özünəməxsus ənənələri olduğunu deyir. Bildirir ki, məktəbi bitirən məzunların əksəriyyəti ali təhsil alır. Direktor xüsusilə bir faktı da diqqətimizə çatdırır ki, elə illər olub, bu məktəbi bitirən məzunların hamısı ali məktəb tələbəsi adını qazanıblar. Keçən il məktəbi bitirən 14 məzundan 7 nəfəri ali məktəbə, 2 nəfəri orta ixtisas məktəbinə daxil olub. Direktor onu da vurğulayır ki, bu gün kənd məktəbində dərs deyən bütün müəllimlər bu kəndin öz yetirmələridir. Hazırda kənd məktəbində 49 müəllim və texniki işçi çalışır.
Keçili kəndinin yaddaşlardan silinməyən, unudulmaz 20 Yanvar şəhidi Teymur Alməmmədovu da var. Şəhid ailəsinə yaxşı yaşayış üçün dövlət tərəfindən lazımi köməklik göstərilib, 2010-cu ildə isə fərdi mənzil tikilib.

Keçilidə kənd təsərrüfatı ilbəil inkişaf etdirilir

Dağlar, dərələr məskəni olan Keçilidə əhalinin dolanışıq mənbəyi sayılan bağçılığın, heyvandarlığın, arıçılığın inkişafına əhalinin maraq göstərdiyini gördük. Kənddə həyata keçirilən aqrar islahatlar nəticəsində sakinlər imkanlarından yetərincə istifadə etməyə çalışırlar. Gözəl bilirlər ki, torpaqla ülfət bağlayan ac qalmaz. Keçili kəndinin qoynuna sığındığı dağlar, sakinlərin fikrincə, kifayət qədər otlu, sulu sahələrdir. Ona görə də heyvandarlıq və arıçılıq üçün bu yerlər çox əlverişli sayılır. Məsələn, “Quyluq”, “Sərxan” və “Xırxır” kimi ərazilərdə kifayət qədər örüş yeri olduğu üçün heyvandarlıq ilbəil inkişaf etdirilir.
Kəndin təbii iqlim şəraiti meyvəçilik üçün də əlverişlidir. Bağlarda gözəlliyi gözoxşayan bir neçə adda alma, armud dad-tamı ilə seçilir. Bu gün kənddə hektarlarla meyvə bağı var ki, həmin bağlardan mövsüm ərzində tonlarla məhsul yığılaraq bazara çıxarılır. Kənddəki şəxsi təsərrüfatlarda istehsal olunan yerli məhsullar alıcılar tərəfindən razılıqla qarşılanır. Belə məhsul bolluğu həm də bazarlarda qiymətlərin aşağı düşməsinə səbəb olan əsas amildir.

Kənddə istehsal müəssisələri qurulub

Bu dağ kəndində indi iki istehsal müəssisəsi – Çınqıllı lavaş və Çınqıllı su sexləri fəaliyyət göstərir. Həmin istehsal müəssisələrində bir neçə kənd sakini işlə təmin olunub. Bundan başqa, yerli məhsul istehsalı rayon əhalisinin həmin məhsullara olan tələbatını da qismən ödəyir. Bu isə dövlətin iqtisadi siyasətinə dəstək olmağın göstəricisidir.
Keçilinin bugünkü gözəlliyini, tərəqqisini görmək kənd sakinlərinin uzun illər ən böyük arzusu olub. Bu gün həmin arzu muxtar respublikada ulu öndər Heydər Əliyev siyasətinə və yoluna dönməz sədaqətin hesabına reallaşıb.

Şəhla Nəbiyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR