Son illər muxtar respublikada həyata keçirilən tədbirlər sırasında əhalinin məşğulluğunun təmin olunması üstün istiqamət verilən sahələrdən birinə çevrilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı 2016-cı ilin ilk beş ayı ərzində görülən işlər barədə məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirdilər ki, adıçəkilən dövlət proqramı işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şəraitin yaradılmasına, özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə əsaslı zəmin yaradıb.
Nazirlik tərəfindən cari ilin 5 ayı ərzində həmin proqramın icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Belə ki, muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət daha da artırılıb və bu məqsədlə vaxtaşırı monitorinqlər keçirilib. Bununla yanaşı, sosial müdafiəyə xüsusi ehtiyacı olanların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etmək məqsədilə sosialyönümlü layihələr reallaşdırılıb.
Müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə qeyd olunan dövr ərzində 77-si dövlət, 86-sı isə özəl müəssisə olmaqla, ümumilikdə, 163 müəssisədə sorğular keçirilib. Muxtar respublikanın əmək bazarına daxil olan əcnəbi işçi qüvvəsinin keyfiyyət tərkibi nəzərə alınaraq, işçilərin ixtisasının artırılması və müəssisələrdə mövcud olan vakansiyaları yerli işçi qüvvəsi hesabına təmin etmək məqsədilə maarifləndirici bukletlər hazırlanıb və işəgötürənlərə təqdim olunub.
İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi məqsədilə aktiv məşğulluq tədbirlərinin davamlılığına diqqət artırılıb, 992 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 17 nəfər kvota yerlərinə göndərilib, 58 nəfər, o cümlədən 8 məhdud fiziki imkanlı şəxs haqqıödənilən ictimai işə cəlb olunub. İşlə təmin olunanlardan 52-si məhdud fiziki imkanlı, 4-ü cəzaçəkmə müəssisəsindən azad edilən, 17-si isə hərbi xidmətdən tərxis olunan vətəndaşlardır. Kənd və qəsəbələrdə fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində bərbər, qadın bərbəri və dərzi olmaqla, ümumilikdə, 36 nəfər işlə təmin edilib. İşlə təmin olunanların 3-ü sağlamlıq imkanları məhdud şəxslərdir.
Keçirilən əmək yarmarkalarında 180 nəfər peşə və ixtisasına uyğun işə qəbul üçün göndəriş alıb.
Məlumatda o da bildirilir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil edilir. Qeyd olunan dövr ərzində müxtəlif peşə kurslarına 154 nəfər cəlb edilib.
Evlərdə xalça toxunuşu ənənəsini davam etdirmək üçün “Ənənəni qoruyaq, evdə xalça toxuyaq!” adlı sosialyönümlü haqqıödənilən ictimai iş təşkil edilib. Evdar qadınların müvəqqəti məşğulluqlarını təmin etmək məqsədilə Şərur, Babək, Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində, ümumilikdə, 11 nəfər xalçatoxuyanla əmək müqaviləsi bağlanılıb, müvafiq ölçüdə xalçaların toxunması üçün onlar lazımi avadanlıq və alətlərlə, həmçinin materialla təmin ediliblər.
Muxtar respublikada əhalinin məşğulluq imkanlarının artmasının nəticəsidir ki, vətəndaşlar tərəfindən işsizlik statusunun təyini ilə bağlı məşğulluq xidməti orqanlarına müraciət daxil olmayıb.
Naxçıvan Biznes Mərkəzində 2015-ci ilin yekununa görə özəl sektorda fəaliyyət göstərən, yeni istehsal sahəsi yaratmaqla işaxtaranların daimi işlə təmin olunmasında iştirak edən hüquqi və fiziki şəxslərin fəaliyyətlərini qiymətləndirmək üçün keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərinə mükafatlar verilib.
Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqqının reallığı əks etdirməsi ilə bağlı 336 obyektdə yoxlama aparılıb, 196 halda yeni əmək münasibətlərinin rəsmiləşdirilməsinə, 865 halda isə əməkhaqqının real göstərilməsinə nail olunub.
Dövlət proqramının icrası ilə bağlı həyata keçirilən kompleks məşğulluq tədbirləri işaxtaranların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə imkanlar yaradıb.
Xəbərlər şöbəsi