23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında təşkil edilən tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Universitetinin ərazisində “Yaşıllıqlara qulluq” aksiyası keçirilib. Aksiyanı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu təşkil edib.

Aksiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək ötən ayın son günlərindən etibarən startı verilən ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin əhəmiyyətindən bəhs edib, tələbə-gənclərin bu aksiyalarda fəal iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə təşkil edilən bu aksiyalar gənclərin maarifləndirilməsinə, onların ekoloji mədəniyyətlərinin artırılmasına xidmət etməklə bərabər, Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların artırılmasına, ərazilərin məişət tullantılarından təmizlənməsinə, gənclərin muxtar respublikanın təbiəti haqda ətraflı məlumat almasına səbəb olub. Həmçinin bu aksiyaların iştirakçıları diskussiyalar vasitəsilə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri, onların idarə olunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnib, bu tədbirlərdə ekologiyaya vurulan ziyanın mümkün qədər azaldılması yolları müzakirə edilib. Belə tədbirlər bundan sonra da davam etdiriləcək.

Sonra aksiyaya start verilib. Aksiyada fəal iştirak edən tələbələr universitet şəhərciyinin ərazisindəki yaşıllıqlara qulluq göstərib, ətrafı alaq otlarından təmizləyib, arxları səliqə-sahmana salıblar. Bundan başqa, gənclər ərazini plastik qablardan, kağız, karton parçalarından, boş sellofan torbalardan və digər məişət tullantılarından təmizləyiblər. Toplanan məişət tullantıları tonqal qalanaraq yandırılıb. Ətraf mühitin mühafizəsi ilə bağlı aksiya iştirakçılarının muxtar respublika əhalisinə müraciəti qəbul edilib. Müraciətdə deyilir:
– Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması istiqamətində Naxçıvan Muxtar Respublikasında mühüm işlər görülür, yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, mühafizə olunan təbiət obyektləri yaradılır. Muxtar respublikada təbiəti mühafizə tədbirlərinin məqsədyönlü­lüyü və ardıcıllığı fauna ehtiyatlarının artmasına, ekoloji tarazlığın qorunmasına müsbət təsir göstərmişdir. Təbiətin qorunmasında, yeni yaşıllıq zolaqlarına qulluq göstərilməsində iməciliklərin mühüm əhəmiyyəti vardır. Bunun nəticəsidir ki, muxtar respublika ərazisində son 20 ildə 14 min hektardan çox yaşıllıq zolaqları, meyvə bağları salınmışdır. Nəticədə, bu gün muxtar respublikanın yaşıllıqlarla örtülü sahəsi ötən əsrin 90-cı illəri ilə müqayisədə 10 dəfə artmışdır. Bu da əlverişli ekoloji mühitin formalaşmasına şərait yaratmışdır. Muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafı həm yerli sakinlərin, həm də muxtar respublikaya gələn turistlərin istirahətləri, gəzintiləri üçün əlverişli şərait yaratmışdır. Bütün bu yaradılan şərait, abad, təmiz mühitin qurulması təbii ki, muxtar respublika sakinlərinin sağlamlığı üçündür.
Hörmətli muxtar respublika sakinləri!
Təbiəti mühafizə sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa, vətənə qayğı və sevgi ilə yanaşmağı tələb edir. Vətənimizin zəngin yeraltı və yerüstü sərvətlərini qorumalı, gələcəyimizin təminatçısı kimi təbiətimizə sahib çıxmalı, onu zərərli tullantılardan, çirklənmədən mühafizə etməli, ətraf mühiti çirkləndirənlərə qarşı daha mübariz olmalıyıq.
Ətraf mühitin çirklənməsi havanın, suyun, qidanın təmizliyi üçün təhlükəlidir. Bu isə birbaşa insan sağlamlığına ziyandır. Ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalar çərçivəsində gənc­lər Batabat yaylağının fauna və flora aləmi, təbiət abidələri ilə tanış olublar, ərazinin təbiət gözəllikləri olan “Zorbulaq”, “Üzən ada” kimi təbiət əraziləri haqqında məlumatlandırılıblar. Bundan başqa, gənclərin Ordubad Milli Parkına maarifləndirici ekskursiyası təşkil edilib. Kəngərli, Şərur və Sədərək rayonlarında məktəblilərin iştirakı ilə maarifləndirici tədbir və güləkmə aksiyası, Uzunoba Su Anbarı ətrafında “Hərəmiz bir ağac əkək” aksiyası keçirilib. Bu tədbirlərin davamı olaraq “Naxçıvan” Universitetində “Ətraf mühit və biz” mövzusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında “Ətraf mühiti necə qoruyuruq?” mövzusunda diskussiya təşkil edilib. Bu tədbirlərin sonuncusu olan “Yaşıllıqlara qulluq” aksiyası muxtar respublikanın bütün ali, orta ixtisas və ümumtəhsil müəssisələrini əhatə edib.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR