Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən tədbirlər davam etdirilir.
Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında “Ətraf mühiti necə qoruyuruq?” mövzusunda diskussiya keçirilib.
Tədbirdə AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Tariyel Talıbov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olan diyardır. Bu baxımdan burada Nəbatat bağının yaradılması əhəmiyyətli və mühüm addımdır. Bu bağın yaradılmasında əsas məqsəd insanların Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri ilə tanış edilməsidir. Bağın nadir bitkilər kolleksiyası sahəsində Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş bəzi bitki növləri mövcuddur.
Gənclərə məlumat verilib ki, Nəbatat bağında müxtəlif ölkələrin təbiətinə xas bir çox bitki və ağac növləri var. Bununla birlikdə Azərbaycan florasına aid bir çox bitki və ağac növləri də Nəbatat bağının qiymətli sərvətləridir. Burada yerli meyvə genofonduna daxil olan alma, armud, üzüm, ərik sortları yetişdirilir və qorunur.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildirək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Rəssamlar Birliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “Ətraf mühit və biz” mövzusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə keçirilib. Sərgi-müsabiqəyə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin 20-yə yaxın rəsm əsəri çıxarılıb.
Tədbirdə “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev, Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək muxtar respublikada ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən danışıb, bu sahədə tələbə-gənclərin üzərinə düşən vəzifələrdən bəhs ediblər. Qeyd olunub ki, bu sərgiyə çıxarılan rəsm əsərləri tələbə gənclərin təbiətimizə baxışının məhsuludur.
Sonda qaliblərə diplomlar təqdim olunub.
Xəbərlər şöbəsi