Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən hər il iyunun 5-i “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd olunur.
Azərbaycanda ekologiyaya dövlət səviyyəsində münasibətin göstərilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”, – deyən ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həlli diqqətdə saxlanılmış, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu sahənin inkişafına xüsusi diqqət göstərir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ekoloji məsələlərə dair müşavirələrin keçirilməsi, beynəlxalq ekologiya sərgilərinin təşkil olunması bu sahəyə göstərilən diqqətin real ifadəsidir. Azərbaycan planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması və bərpası məqsədilə 20-dən çox ekoloji konvensiyalara qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikasında da əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər görülmüşdür. Bu gün muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər beynəlxalq ekoloji təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.
Muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Son illər muxtar respublikada 14 min hektardan çox sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, min hektardan artıq meyvə bağları salınmış, yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır. Yaşıllaşdırma tədbirlərinin yalnız kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasında da xüsusi amilə çevrilmişdir.
Əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması hesabına mümkündür. Muxtar respublikada bu sahədə də mühüm tədbirlər görülmüş, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi xeyli genişlənmişdir. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da əlverişli şərait yaratmışdır.
Muxtar respublika təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür. Naxçıvan ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin intensiv hal alması fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilmişdir.
Böyük təbiətşünas alim, akademik Həsən Əliyev vaxtilə deyirdi ki, “Təbiətin keşiyini çəkmək üçün söz silahının gücündən istifadə etmək lazımdır”. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə də ardıcıl tədbirlər həyata keçirilir, teleradio verilişləri və qəzet materialları hazırlanır, əhali arasında maarifləndirici söhbətlər aparılır.
Muxtar respublikada təbiəti mühafizə tədbirləri bundan sonra da diqqət mərkəzində saxlanılacaq, ekoloji problemlərin həllinə və yaşıllıqların qorunmasına diqqət artırılacaqdır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti