İyunun 3-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Şərur Rayon İcra Hakimiyyəti ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov son illərdə sığorta sahəsində rayonda görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov tədbirdə çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi sahəsində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, əhali gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi, öz növbəsində, sığorta münasibətlərinin də inkişafını şərtləndirir.
Hikmət Əsgərov baş vermiş ayrı-ayrı sığorta hadisələrindən konkret misallar gətirərək vaxtında sığortalanmağın üstünlüklərini diqqətə çatdırıb.
“Ötən müddətdə Şərur rayonunda da müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub”, – deyən baş direktor rayonda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. Diqqətə çatdırılıb ki, rayonda icbari qaydada sığorta edilməli olan daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortalanan hər bir sığorta obyekti sığortaya cəlb edilməlidir.
Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, bu il martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib. Tədbirdə bununla əlaqədar vurğulanıb ki, bu sahədə də fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan işlər genişləndirilməlidir. Kənd təsərrüfatı məhsullarının, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığortalar, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirdə Şərur Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnar Mirzəliyev, Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Şakir Ağalarov rayonda icbari sığortaların vəziyyəti barədə məlumat veriblər.
Tədbirə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov yekun vurub.
Əli Cabbarov