Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalar davam etdirilir.
Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Uzunoba Su Anbarı ətrafında “Hərəmiz bir ağac əkək” aksiyası keçirilib.
Naxçıvan Dövlət Texniki və Musiqi kollecləri tələbələrinin iştirak etdiyi aksiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mayis Əliyev tələbələrə muxtar respublikada ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər, təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər. Qeyd edilib ki, ekoloji problemlərin həllində ictimaiyyətin, eləcə də gənclərin rolu böyükdür. Son dövrlərdə muxtar respublikada ekologiyanın və ətraf mühitin mühafizəsinə gənclərin daha çox maraq göstərməsi, keçirilən aksiyalarda onların böyük ruh yüksəkliyi ilə iştirakı bu sahədə aparılan maarifləndirmə işlərinin nəticəli olmasından, gənclərin ekoloji təfəkkürünün inkişafından xəbər verir.
Sonra tələbə-gənclər qısa zaman ərzində ağac əkilməsi üçün ayrılan ərazini, arxları quru otlardan, çalı-çırpıdan təmizləyib, oraya müxtəlif növ meşə ağaclarının fidanlarını əkiblər. Gənclər böyük həvəslə burada əvvəlki illərdə əkilmiş ağacların diblərini yumşaldaraq onlara su veriblər.
Aksiya əsnasında Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrindən Kamal Əlirzayev, Songül Səfərova, Qafar Mustafayev, Xəyal Kərimov və başqaları ilə söhbətlərimizdən belə bir nəticə hasil oldu ki, “Hərəmiz bir ağac əkək” aksiyasının keçirilməsi ilə bağlı nəcib təşəbbüsün irəli sürülməsi muxtar respublikanın tələbə-gəncliyi, eləcə də kollecin tələbələri tərəfindən dərin minnətdarlıq və razılıq hissi ilə qarşılanıb. Elə bu səbəbdəndir ki, kollecin tələbələri bu aksiyalarda fəal iştirak etməyə çalışıblar.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə keçirilən bu qəbildən aksiyaların əhəmiyyətini onlar yaxşı başa düşür və yüksək qiymətləndirirlər. Çalışacaqlar ki, bundan sonra da belə aksiyalarda fəal iştirak etsinlər.
Ekoloji tədbirdə iştirak edən Naxçıvan Musiqi Kollecinin tələbələrindən Nuray İsmayıllı, Simuzər Nəzərəliyeva, Mustafa Məmmədov, Sərvin Babayev, Sevinc Haqverdiyeva, İnci Vəliyeva ilə söhbət zamanı bildirdilər ki, onlar bundan sonra da doğma yurdumuzun istənilən guşəsində keçiriləcək belə aksiyalara qoşulmağa hazırdırlar. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq. Biz bu aksiyaya həvəslə qatılmışıq. Çünki yaxşı bilirik ki, öz doğma yurdunu, torpağını sevən hər bir gənc belə tədbirlərə qoşulmaqla insanlara xeyir verə bilər. Ağacın insanlara faydası hədsizdir. Torpaqdakı nəmliyi qurutmasını, torpaq sürüşməsinin qarşısını aldığını bilirik. Onu da bilirik ki, bir ağac il ərzində havadan 700 kiloqram tozu özünə çəkərək torpağa ötürür, bir ağacın kökləri il ərzində 30 min ton suyu özünə çəkir, bu su ilə torpağa və havaya lazım olan qədər nəmlik verir. Yaşlı bir ağac 60 nəfəri oksigenlə təmin edir. Ağaclar həm də ən böyük fotosintez maşınıdır. Ağacların kölgəsi yayda insanları qızmar istidən qoruduğu kimi, budaqları da qışda sərt küləyin qarşısını alır. Belə aksiyalar bizim və bizdən sonra gələcək nəsillərin sağlam mühitdə yaşaması üçün təşkil edilir. Buna görə də təşkilatçılara minnətdarıq.
Məlumat üçün bildirək ki, bu gün “Naxçıvan” Universitetində “Ətraf mühit və biz” mövzusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə təşkil olunacaq, “Nəbatat bağı”nda gənclərin iştirakı ilə “Ətraf mühiti necə qoruyuruq?” mövzusunda diskussiya keçiriləcək.
Səbuhi Hüseynov