Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində bir sıra tədbirlər həyata keçirilib.
Nazirlikdən aldığımız məlumata görə, məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə yaradılmış məlumat bazası yenilənib. Bu kateqoriyadan olan uşaqların əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil müəssisələrinə və görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbə, habelə distant dərslərə cəlb olunması diqqət mərkəzində saxlanılıb, məktəbəqədər təhsil müəssisələrinə bu kateqoriyadan olan 70 uşaq cəlb edilib.
Sağlamlıq imkanları məhdud uşaqların məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılıb. Muxtar respublikanın ümumtəhsil müəssisələrində sağlamlıq imkanları məhdud 921 uşaq təhsil alır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud 9 şəxs üçün distant dərslərin keçilməsi davam etdirilir. Hazırda hərəkət qabiliyyəti məhdud 22 uşaq Distant Tədris Mərkəzində təhsil alır. Distant tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın muzeyləri ilə keçilən interaktiv dərslərdə iştirakları təmin edilib.
Bu qəbildən olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, həmçinin uşaqlara defektoloji, multisensorlu və əmək terapiyası xidmətinin göstərilməsi davam etdirilib. Qeyd olunan dövr ərzində həmin xidmətlərə, ümumilikdə, bu kateqoriyadan olan 139 uşaq cəlb edilib. Defektoloji bölmənin müəllim defektoloqu iş təcrübəsini artırmaq məqsədilə Bakı şəhərində fəaliyyət göstərən Müasir Psixologiya Mərkəzində kursda olub.
Dövlət proqramına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində diqqət zəifliyi və hiperaktiv uşaqların reabilitasiyası üçün təlim-bərpa otağı və fərdi, ailə və uşaq psixoloji məsləhət xidmətinin təşkili məqsədilə psixoloji dəstək xidməti yaradılıb.
Görmə qabiliyyəti məhdud uşaqların xüsusi ibtidai məktəbə cəlb edilməsi məqsədilə onların valideynlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib, “Könül işığı” adlı brayl jurnalının hər ay nəşri təmin edilib.
Məlumatda o da bildirilir ki, sağlamlıq imkanları məhdud uşaqların bacarıq və maraqları nəzərə alınaraq musiqi məktəblərinə, məktəbdənkənar müəssisələrin dərnəklərinə, habelə idman məktəblərinə cəlb edilməsi, onların istedadlarının aşkara çıxarılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlərin keçirilməsinə diqqət artırılıb. Qeyd olunan dövr ərzində sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin, ümumilikdə, 84 məktəbli uşağının valideynlərin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib, bu kateqoriyadan olan uşaqların iştirakı ilə xalq uşaq oyunlarından ibarət əyləncəli yarış, şeir və asfalt üzərində rəsm müsabiqələri keçirilib, Naxçıvan Dövlət Uşaq Teatrında bu kateqoriyadan olan uşaqların ifasında hazırlanan tamaşa nümayiş etdirilib, Naxçıvan Dövlət Kukla Teatrında onlara tamaşa göstərilib, sağlamlıq imkanları məhdud 5 uşaq boccia idman növü üzrə bölməyə cəlb edilib. Məktəbdənkənar müəssisələrə sağlamlıq imkanları məhdud 356 uşaq cəlb olunub.
Məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət təşkil edilmiş komissiya tərəfindən ötən dövr ərzində Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlər aparılıb, həmçinin valideyn, şagird və müəllimlərlə maarifləndirici görüşlər keçirilib.
Dövlət proqramının icrası ilə bağlı görülən işlər davam etdirilir.
Xəbərlər şöbəsi