Dünən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “İstedadlı uşaqlar” adlı festival keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb. Bildirib ki, hazırda muxtar respublika əhalisinin 35,8 faizini uşaqlar təşkil edir. Bu uşaqlar dövlətimizin böyük qayğısı ilə əhatə olunub.
Vurğulanıb ki, uşaqların sosial ehtiyaclarının hərtərəfli təmin edilməsi, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə və təhsil alaraq layiqli şəxsiyyət kimi yetişdirilməsi muxtar respublikada diqqət mərkəzində saxlanılır. Son 20 il ərzində məktəbəqədər, məktəbdənkənar müəssisələr, tam orta məktəb, musiqi məktəbləri üçün 200-dən çox yeni bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Uşaqların sağlamlığının, fiziki inkişafının təmin olunması üçün ciddi tədbirlər görüldüyünü qeyd edən Ramilə Seyidova bildirib ki, hazırda muxtar respublikada otuz mindən artıq uşaq idmanla məşğul olur, hər il onlarla uşaq idmanın müxtəlif sahələri üzrə ölkədaxili və beynəlxalq yarışların mükafatçısı və qalib adını qazanır.
Son illər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili də təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “2014- 2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatıb. Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasını möhkəmləndirmək, məsafədən (distant) təhsilin əhatə dairəsini genişləndirmək, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq, təhsili ilə bağlı müvafiq pedaqoji kadrları hazırlamaq qarşıya vəzifə olaraq qoyulub. Ötən dövrdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi, defektoloji bölmə, audiokitabxana yaradılıb, təlim-bərpa otağı, psixoloji dəstək xidməti istifadəyə verilib. Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində bu qəbildən olan uşaqların təlim-tərbiyəsi, Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə olunması təşkil edilir. Həmçinin yüzlərlə uşaq məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrinin dərnəklərinə cəlb olunur.
Muxtar respublikada uşaqların zövqünə uyğun, asanlıqla qavraya biləcəkləri uşaq ədəbiyyatının nəşri də prioritetlər sırasında olub, ötən dövr ərzində “Uşaqlar və Günəş” almanaxı, “Təmsillər”, “Şeir və hekayələr”, “Poema və pyeslər” adlı uşaq kitabları nəfis tərtibatla nəşr edilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 6 nəfər istedadlı uşağın adının bu kitaba salınması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Ramilə Seyidova muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə onların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib.
Festivalda istedadlı uşaqların hazırladıqları əl işlərindən ibarət sərgi, uşaq ədəbiyyatının sərgisi və uşaq məhsulları istehsal edən sahibkarların məhsullarının sərgi-satışı təşkil olunub.
Festivalda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər”, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzinin mahnı və rəqs ansambllarının, Gənc Heydərçilərin, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Uşaq Teatrının istedadlı uşaqlarının çıxışları maraqla qarşılanıb.
Seçim təhsil, idman, incəsənət və dekorativ-tətbiqi sənət nominasiyaları üzrə aparılıb. Təhsil üzrə 20, idman üzrə 13, incəsənət üzrə 50, dekorativ-tətbiqi sənət üzrə 9 uşaq, 15 uşaq kollektivi iştirak edib. Festivalda adıçəkilən nominasiyalar üzrə ilin ən yaxşı 15 istedadlı uşağı və 5 istedadlı uşaq kollektivi müəyyənləşdirilib.
Festival iştirakçılarına təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Sara ƏZİMOVA