Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında aksiyalara başlanılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirlikləri, Ali Məclisin Sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının Heydər Əliyev adına Gənclər birlikləri tərəfindən keçirilən aksiyalarda gənclərin ekoloji biliklərinin zənginləşdirilməsi, onlarda təbiətə məhəbbət hissinin aşılanması məqsədilə xüsusi estetik gözəlliyi olan təbiət ərazilərinə ekoturizm marşrutları üzrə gəzintilər təşkil olunur, təmizlik tədbirləri görülür.
İlk belə tədbirə Şahbuz və Babək rayonlarının gəncləri qatılıblar. Tədbirdə 100-ə yaxın gənc iştirak edib. Gənclər ilk olaraq Batabat yaylağının fauna və flora aləmi, təbiət abidələri ilə tanış olublar. Sonra tədbir iştirakçıları ərazinin təbiət gözəllikləri olan “Zorbulaq”, “Üzən ada” kimi təbiət əraziləri haqqında məlumatlandırılıblar.
Dünən isə Ordubad və Culfa rayonları gənclərinin Ordubad Milli Parkına maarifləndirici ekskursiyası təşkil edilib. Hər iki tədbirdə təşkilatçılar tərəfindən hazırlanmış məlumat bukletləri gənclərə paylanılıb, təbiət ərazilərində təmizlik aksiyası keçirilib.
Qarşıdakı günlərdə bu tədbirlər digər turizm potensialı olan təbiət ərazilərində də davam etdiriləcəkdir.
Ceyhun Məmmədov