23 Dekabr 2024, Bazar ertəsi

Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətidir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev uşaqlara qayğını əsas istiqamət kimi müəyyənləşdirmiş, uşaqların təhsilinə, dünyagörüşlərinin formalaşdırılmasına və sağlamlıqlarının qorunmasına diqqət artırılmışdır. 

“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkə­mizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmış, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bununla yanaşı, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Bəyannaməni qəbul etmişdir.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmış, hər bir sahədə geniş vüsət almış quruculuq işləri uşaqların təhsili və intellektual inkişafı istiqamətinə də yönəldilmişdir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.
Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Hazırda muxtar respublika əhalisinin 159 min 103 nəfəri uşaqlardır. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. Son illər muxtar respublikada 200-dən artıq ümumtəhsil məktəbi, 17 məktəbəqədər təhsil müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Təhsil sistemində tətbiq edilən yeniliklər, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, ümumtəhsil məktəbləri ilə muxtar respublikada fəaliyyət göstərən muzeylər arasında distant dərslərin keçirilməsi uşaqların geniş dünyagörüşlü və vətənpərvər ruhda böyüdülməsi sahəsində atılan mühüm addımlardandır. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində 700-dən çox elektron lövhə quraşdırılmış, hər 12 şagird bir kompüterlə təmin olunmuşdur. İstifadədə olan kompüterlərin 87 faizi internetə qoşulmuşdur.
Peşə təhsili infrastrukturunun yaxşılaşdırılması, texniki-peşə məktəblərində təlim-tərbiyə prosesinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Son illər Naxçıvan, Ordubad və Şərur şəhərlərində Texniki-Peşə və Sürücülük Məktəb kompleksləri tikilərək istifadəyə verilmiş, ixtisaslı kadr hazırlığına başlanılmışdır.
Bu gün uşaq və gənclərin fiziki cəhətdən sağlam böyüməsi diqqətdə saxlanılır. Belə ki, muxtar respublikada 2 olimpiya-idman kompleksi, Şahmat Mərkəzi, uşaq-gənclər şahmat məktəbləri, idman məktəbləri, Stend və Sportinq Atıcılıq Mərkəzi, ümumilikdə, 40-dan çox idman obyekti istifadəyə verilmiş, ümumtəhsil məktəbləri ən müasir standartlara cavab verən idman zalları ilə təmin olunmuşdur. Hazırda muxtar respublikada 30 min 369 uşaq idmanla məşğul olur.
Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, peşə məktəblərinə cəlbi, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir. Muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Uşaq Kitabxanası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi, şahmat məktəbləri və onlarla digər məktəbdənkənar tərbiyə müəssisələri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 6 nəfər istedadlı uşağın adının bu kitaba salınması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə 5 ümumtəhsil, 1 məktəbəqədər təhsil, 1 uşaq səhiyyə müəssisəsində monitorinqlər aparılmışdır. Bundan əlavə, cari ilin fevral ayında muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı istifadəyə verilmiş, məlumat bankına müvafiq məlumatları daxil edəcək mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri üçün seminar keçirilmiş, bu günədək 358 uşaq haqqında məlumatlar elektron məlumat bankına daxil edilmişdir.
Son illər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inte­qrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili təmin edilmişdir. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud 825 uşaq təhsil alır. Bundan başqa, 23 sağlamlıq imkanları məhdud uşaq distant təhsilə cəlb edilmiş, onların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılmışdır. Bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasını möhkəmləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” qəbul edilmişdir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir qrupu valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarıdır. Humanist və xeyirxahlıq prinsiplərinin dövlət uşaq siyasətində mühüm yer tutduğu muxtar respublikada həm dövlət uşaq müəssisələrində, həm də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara geyim dəstləri və dərs ləvazimatları verilir, onların tarixi-memarlıq abidələri və muzeylərlə tanışlığı, istirahət guşələrinə səyahətləri təşkil olunur. Uşaqların yetkin şəxsiyyət olaraq formalaşmasında, dövlət və cəmiyyət üçün yararlı insanlar kimi yetişməsində, şübhəsiz, onların ailə mühitində böyüməsinin, lazımi qayğı ilə əhatə olunmasının təsiri böyükdür. 2016-cı ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən valideyn himayəsindən məhrum olmuş 4 uşaq himayə və qəyyumluğa verilmiş, 2 uşağın övladlığa götürülməsinin uçotu aparılmışdır. Həmçinin bu qəbildən olan uşaqların tarixi-memarlıq abidələri və muzeylərlə tanışlığı, eləcə də Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.
Uşaq ədəbiyyatı uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə də muxtar respublikada uşaqların mütaliəsinə diqqət artırılır, onların zövqünə uyğun, asanlıqla qavraya biləcəkləri kitablar nəşr olunur, müxtəlif səpkili müsabiqələr keçirilir. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin xətti ilə “Uşaqlar və Günəş” almanaxı, “Təmsillər”, “Şeir və hekayələr”, “Poema və pyeslər” adlı uşaq kitablarının nəşr olunması uşaqlarda mütaliəyə marağı artırmışdır.
Cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlarla bağlı qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla yerinə yetirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənc­lərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR