22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən genişmiqyaslı səhiyyə quruculuğu tədbirləri 2016-cı ildə də davam etdirilmiş, ötən dövrdə Şərur rayonunun Oğlanqala, Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyaları, Kəngərli rayonunun Yurdçu, Babək rayonunun Xəlilli, Şahbuz rayonunun Daylaqlı kəndlərində feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdir. Yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi ilə yanaşı, onların maddi-texniki bazası da müasir standartlar əsasında qurulmuş, ixtisaslı kadrlarla təminatına diqqət artırılmışdır.
Əhalinin dispanserizasiyası işinin yaxşılaşdırılması muxtar respublikanın səhiyyə kollektivlərinin daim diqqət mərkəzindədir. Bu məqsədlə cari ilin birinci rübündə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum və Diaqnostika-Müalicə mərkəzlərinin, eləcə də rayonlardakı mərkəzi xəstəxanaların əməkdaşlarından ibarət həkim briqadalarının kəndlərə gedişi davam etdirilmiş, əhaliyə tibbi xidmət göstərilmişdir. Həmçinin təhsil müəssisələrində şagirdlərin tibbi müayinəsi aparılmış, Naxçıvan şəhərində 10 min 699 şagird yoxlamalardan keçirilmişdir. Ötən dövrdə Naxçıvan Dövlət Universitetində və kolleclərdə də profilaktik tədbirlər davam etdirilmiş, 2 min 833 tələbə müayinədən keçirilmişdir. Ümumiyyətlə, bu ilin birinci rübündə muxtar respublikanın səhiyyə müəssisələrində 17 min 929 nəfər müayinə edilmiş, 4 min 37 nəfər dispanser qeydiyyatına götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən mədəniyyət sahəsində çalışan işçilər arasında süd vəzinin profilaktik müayinəsinə də başlanılmışdır.

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət olunaraq aztəminatlı ailələrdən olan xəstələrin müayinə və cərrahi əməliyyatları da davam etdirilmişdir. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstə­likləri şöbəsinin 12 nəfərdən ibarət heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin həkimləri ilə birlikdə 250 nəfərdə müayinə, 21 nəfərdə açıq ürək əməliyyatı aparmışdır. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ayrı-ayrı ixtisaslar üzrə 21 nəfərlik həkim briqadası isə Şərur rayonunda olmuş, 2504 nəfər tibbi müayinədən keçirilmiş, 75 nəfərdə əməliyyat aparılmış, Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 22 nəfər müayinə, 6 nəfər isə əməliyyat edilmişdir. Həmçinin Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə dəvət olunan akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin invaziv uşaq kardioloqu 12 nəfərdə EXO müayinəsi, Azərbaycan Tibb Universitetinin uşaq cərrahı isə 5 nəfərdə plastik rekonstruktiv əməliyyatlar aparmışdır.
Səhiyyə işinin düzgün təşkilində gigiyenik qaydalara əməl olunması və epidemioloji tədbirlər həyata keçirmək vacib amildir. Bu səbəbdən də gigiyena və epidemiologiya mərkəzləri ərzaq ticarəti obyektlərinə baxış keçirmiş, Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinin laboratoriyasında hamilə və zahı qadınlar, donorlar, hərbçilər və nikaha daxil olanlar müayinə edilmişdir. Səhiyyə Nazirliyində yaradılan komissiya tərəfindən isə əczaxanalarda yoxlamalar davam etdirilmiş, lisenziya şərtlərinə və dərman preparatlarının təyin olunmuş satış qiymətlərinə əməl etməyən sahibkarlar barədə inzibati tədbirlər görülmüşdür.
Muxtar respublikada ixtisaslı tibbi kadrların hazırlanması diqqət mərkəzindədir. Son illər ali və orta ixtisas təhsili müəssisələrində hərtərəfli şərait yaradılmış, tələbələrin səhiyyə müəssisələrində təcrübə keçmələri təmin edilmişdir. Bununla yanaşı, həkim və tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə də xüsusi diqqət yetirilir. Bu ilin ötən dövründə bir qrup həkim Bakı şəhərinin və Türkiyə Respublikasının klinika və xəstəxanalarına, ali məktəblərin tibb fakültələrinə, orta tibb işçiləri isə Naxçıvan Tibb Kollecinə təkmilləşdirmə kurslarına göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR