1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatı fəaliyyətə başlamışdır. Həmin tarixdən etibarən aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur.
Azərbaycanda səhiyyənin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq həyata keçirilən islahatlar səhiyyə sahəsinin əsaslı inkişafına səbəb olmuş, həmin dövrdə ölkəmizin bütün bölgələrində müasir xəstəxana binaları tikilərək istifadəyə verilmişdir. Müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə səhiyyə sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, müasir səhiyyə infrastrukturu yaradılmışdır.
Tibbi xidmətin müasir standartlar səviyyəsində təşkili, vətəndaşların sağlamlığının etibarlı qorunması bu gün diqqət mərkəzində olan məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir. Son illər səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə səbəb olmuşdur.
Muxtar respublikada da səhiyyə quruculuğu geniş vüsət almışdır. Son illərin möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Duzdağ Fizioterapiya, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Naxçıvan Şəhər Təcili Tibb, Uşaq Bərpa mərkəzləri, Naxçıvan Şəhər Körpələr Evi, Darıdağ Arsenli Su Müalicəxanası, rayonlardakı mərkəzi xəstəxanalar, eləcə də kənd yaşayış məntəqələrində istifadəyə verilən yüzlərlə tibb ocaqları müasir təchizatı ilə səhiyyənin yeni inkişaf mərhələsinin töhfələridir. Ümumiyyətlə, muxtar respublika əhalisinin sağlamlığının qorunmasına göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, son illər ərzində 220-dən çox səhiyyə müəssisəsi müasir standartlara uyğun qurularaq və yeni tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir.
Tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumağa şərait yaradır. Bütövlükdə, tibb müəssisələrinin stasionar və ambulatoriya bölmələri xidmətin əhatə dairəsini xeyli genişləndirmişdir. Bu gün səhiyyə müəssisələrindəki kompüter tomoqraf, nüvə maqnit rezonans, mammoqrafiya, qastroskopiya, kolonoskopiya aparatları müayinə və müalicənin düzgün və səmərəli təşkilinə imkan verir.
Bu gün muxtar respublikada səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 may tarixli Sərəncamı ilə muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilmişdir. Yaradılan şərait muxtar respublikada insanların kütləvi tibbi müayinədən keçirilməsi tədbirlərinin də uğurlu icrasını təmin etmişdir. Dispanserizasiya işini daha da yaxşılaşdırmaq məqsədilə yerlərdə davamlı olaraq əhalinin müayinə-müalicə işi, səhiyyə, təhsil və mədəniyyət müəssisələrində mammoqrafiya müayinələri aparılır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası da diqqət mərkəzində saxlanılır, kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı və poliomielit xəstəliyinin profilaktikası, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri də uğurla davam etdirilir. Bundan başqa, Bakı şəhərindən muxtar respublikaya dəvət olunan yüksəkixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə əməliyyatlar aparması da artıq ənənə halını almışdır. Sosial layihələr çərçivəsində təkcə ötən il yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 556 cərrahi əməliyyat, o cümlədən 114 xəstədə açıq ürək, 97 nəfərdə göz və digər xəstəliklərlə bağlı 345 müxtəlif əməliyyatlar aparılmış, 22 xəstənin ürək damarlarına stend qoyulmuşdur. Bu gün Naxçıvanda ən mürəkkəb cərrahi əməliyyatların aparılması əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır.
Əhali arasında səhiyyə maarifi işinin təşkilinə də diqqət artırılmışdır. Mərkəzi xəstəxanalar tərəfindən təşkil olunan həkim briqadaları müvafiq qrafik əsasında kəndlərdə olur, əhaliyə nümunəvi xidmət göstərirlər. Ahıl və əlillər də daimi tibbi müayinələrdən keçirilir, onlar Bakı şəhərinin Şağan qəsəbəsindəki Əlillərin Müalicə Pansionatına, Mərdəkan qəsəbəsindəki Müharibə və Əmək Veteranları Pansionatına və digər xəstəxanalara müalicəyə göndərilirlər.
Görülən işlərin nəticəsidir ki, son illər Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə, o cümlədən salmonellyoz, bakterial dizenteriya, difteriya, epidemik parotit pedikulyoz, malyariya, leyşmanioz, poliomielit və tetanus kimi xəstəliklərə muxtar respublika ərazisində təsadüf olunmamışdır. Həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişi, müalicə-profilaktika işinin nümunəvi təşkili, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artması demoqrafik vəziyyətə öz müsbət təsirini göstərmişdir.
Həyata keçirilən profilaktik tədbirlərin səmərəli nəticələr verdiyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
Bu gün muxtar respublikada əhaliyə 233 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Həmin tibb müəssisələrində 707 həkim, 2103 orta tibb işçisi çalışır. Həkimlərdən 99 nəfəri Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi adına layiq görülmüşdür. Muxtar respublikada səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Son illər Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilmişdir. Hər iki səhiyyə müəssisəsi hər il yüzlərlə xarici turistin müraciət etdiyi müalicə ocağına çevrilmişdir.
Səhiyyə sahəsində kadr təminatı ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir. İxtisaslı tibbi kadrların yetişdirilməsi ilə yanaşı, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılır. Təkcə ötən il bu məqsədlə 15 həkim və 3 rezident Türkiyə Respublikasının müxtəlif universitetlərinə, 11 həkim və 3 orta tibb işçisi Bakı, 2 həkim Moskva şəhərlərinə göndərilmiş, 21 laborant Naxçıvan Tibb Kollecində laboratoriya işi üzrə təkmilləşmə kursu keçmişdir. Naxçıvan Tibb Kollecinin 20 nəfərlik müəllim və tələbə heyəti isə Ərzurum Atatürk Universitetində 15 günlük təcrübə mübadiləsinə cəlb edilmişdir. Ötən il muxtar respublikada səhiyyə sahəsində 14 konfrans, 104-dən çox seminar keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanılmışdır. Nazirliyin rəsmi internet saytı “Elektron hökumət” portalına qoşulmuş və yenilənmişdir. Saytda elektron müraciətlər bölməsinin fəaliyyəti ilə yanaşı, imtahan test sualları, obliqat qruplarının müayinəsi, uşaq sağlamlıq kartları haqqında məlumatlar verilir və statistik göstəricilər mütəmadi olaraq yenilənir.
Naxçıvan Muxtar Respublikasında müasir səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı tibbi kadrlarla təminatı əhalinin sağlamlığının lazımi səviyyədə qorunmasına xidmət edir. Muxtar respublikanın tibb işçiləri bundan sonra da insanların sağlamlığının etibarlı təminatçısı olacaq, yaradılan şəraitdən istifadə edərək səhiyyənin inkişafına öz töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti