Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən şəhər məktəblərində mart ayının əvvəlindən başlanılmış tibbi müayinələr başa çatdırılıb. Mart ayı ərzində Naxçıvan şəhərinin 20 tam orta məktəbində 10 min 699 şagird tibbi yoxlamadan keçirilib ki, bu da şəhər məktəblilərinin 98 faizini təşkil edir. Müayinələr nəticəsində 1201 oftalmoloji, 288 LOR, 307 nevroloji, 38 cərrahi, 30 dəri-zöhrəvi, 268 endokrinoloji, 1183 stomatoloji, 166 pediatrik və digər xəstəliyə meyilli uşaq qeydə alınıb.
Aparılan müayinələr bəzi nəticələr çıxarmağa imkan verib. Belə ki, oftalmoloji müayinələr nəticəsində şagirdlər arasında ən çox miopiya (yaxındangörmə), stomatoloji müayinələrdə ortodentik, digər ixtisasyönümlü müayinələrdə bəzi şagirdlərdə nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkar olunub.
Əlbəttə, bunlar hələ ilkin tibbi müayinələrin nəticələrini əks etdirir. Əvvəlki illərdə olduğu kimi, həmin şagirdlər dispanser qeydiyyatına götürülərək Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunur, daha ətraflı və dərin müayinədən keçirilir, xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunur. Bütün bunlar xəstəliklərin vaxtında müayinə və müalicəsi üçün çox faydalıdır.
Muxtar respublikanın rayonlarında isə şagirdlərin tibbi müayinələri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti