Son illər uşaqların, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan tibbi yoxlamalar aparılır.
Cari ildə şagirdlər arasında yaz mövsümünün tibbi yoxlamalarına əvvəlcədən hazırlıq işləri görülüb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən şəhər məktəblərində müayinənin təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunub, məktəblərdə işləyən həkim və tibb bacıları xəstəxananın Poliklinika şöbəsinə dəvət edilərək keçiriləcək tədbir, xüsusən dispanserizasiya haqqında təlimatlandırılıblar. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılır, ixtisas həkimi tərəfindən yoxlanılır, xəstəlik aşkar olunan uşaqlar dispanser qeydiyyatına götürülür, zərurət yarandıqda ətraflı müayinə üçün stasionarın uyğun şöbəsinə göndərilirlər.
Hazırlıq işlərindən sonra martın əvvəlindən şagirdlər arasında tibbi yoxlamalara start verilib. Mərkəzi Uşaq Xəstəxanasının LOR, oftalmoloq, endokrinoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq və uyğun profilli digər ixtisaslı mütəxəssislərdən təşkil olunmuş həkim briqadası Naxçıvan şəhərindəki Qızlar Liseyində, 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərdə 1593 şagirdi kompleks tibbi yoxlamadan keçirib. Xəstəliyə meyilli uşaqlar dispanser qeydiyyatına götürülərək göstəriş əsasında stasionar müalicəyə göndərilir. Şagirdlər arasında yaz mövsümünün tibbi yoxlamaları aprelin 1-dək davam etdiriləcəkdir.
Hazırda muxtar respublikanın rayonlarında da şagirdlər arasında tibbi yoxlamalar aparılır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti