Everestin ən hündür zirvəsini fəth etmək üçün bir çox alpinistlər böyük ustalıq və cəsarət göstərmiş, lakin uzun illər buna nail ola bilməmişlər. Nəhayət, 1953-cü ildə Edlon Xıllari və Tenzinq Norgey Böyük Britaniyanın bayrağını dünyanın ən yüksək zirvəsinə sancmışlar. Sonradan məlum olmuşdur ki, bu idmançıların hər biri gündə 12 stəkan su içirmişlər.
Su təbiətin bizə verdiyi əvəzsiz töhfədir. Sağlamlıq üçün bir çox faktorların heç biri su qədər əhəmiyyətli deyildir. İnsanın fiziki, psixoemosional sağlamlığı çox vaxt onun sudan necə istifadə etməsindən asılıdır. Su qeyri-adi maddə olub təbiətdə çox geniş yayılmışdır. Yer üzünün 75 faizini, insan bədəninin isə 60 faizini su təşkil edir. Su elə bir möcüzədir ki, həyatı onsuz təsəvvür etmək mümkün deyil. Orqanizmdə gedən bütün proseslər – həzm, sorulma, qida maddələrinin daşınması və sair yalnız suyun iştirakı ilə həyata keçirilir. Ürəyin, qan dövranının, görmə, və eşitmə orqanlarının, həzm sisteminin normal fəaliyyəti üçün su vacibdir. Əgər orqanizmdə bədən çəkisinin 1 faizi həcmində su itkisi baş verirsə, xəbərdarlıq siqnalı olan susuzluq hissiyyatı əmələ gəlir. Hesablanmışdır ki, 75 il yaşayan insan orta hesabla 75 min 700 litr su içir. Böyrəklər hər sutkada 178 litr suyu süzməyə qabildir, bu da 800 stəkana bərabərdir. Bir gündə insan orqanizmi 2-3 litr su itirir. Ona görə də insan hər gün 2-3 litr su içməlidir. İsti havada ağır iş və idman zamanı su itkisi daha çox olur. Susuzluğun əsas səbəbi su içməmək kimi pis vərdişdir. Tərləmə, yüksək hərarətlə müşayiət olunan ishal, qanaxma ciddi susuzlaşma əmələ gətirə bilər. Uşaqlar susuzlaşmaya qarşı daha həssas olurlar. Su itkisi 2 faiz olduqda insan iştahasız olur, dözümlülüyünü itirir, qüvvəsi zəifləyir, huşun aydınlığı itir. Su itkisi 5 faiz olduqda qıcıqlanma, halsızlıq, öyümə baş verir, bəzən də huş olmur. Bu zaman çoxlu maye içilməli, tərəvəz yeyilməlidir.
Orqanizmə su lazımi qədər daxil olmasa, tüpürcək vəzlərinin aktivliyi zəifləyəcək və ağızda quruluq əmələ gələcək. Bunun qarşısını almaq üçün qidalanmadan sonra su qəbul etmək lazımdır. Orqanizmə lazımi qədər maye daxil olmadıqda orqanizmin heç bir hüceyrəsi, xüsusilə beyin hüceyrəsi normal işləyə bilmir. Bu isə yorulma və düşüncə pozğunluğuna səbəb ola bilər. Bəs insan orqanizmi üçün son dərəcə xeyirli olan bu nemətdən necə istifadə olunmalıdır? Ağızda quruluq və susuzluq zamanı çoxlu su içmək lazımdır. Səhər, günorta və axşam yeməyindən 1 saat sonra 2 stəkan su içmək yaxşıdır. Yeməkdən 30 dəqiqə əvvəl də su içmək olar. Səhər yuxudan duran zaman 2 stəkan su içmək lazımdır. İsti su tez qana sorulur. Bu da mədə vəzilərinin sekresiyasını artırır, beyinin normallaşdırılmasına köməklik göstərir. Yemək vaxtı maye içmək məsləhət görülmür. Bu, mədə şirəsini durulaşdırır, həzmin zəifləməsinə səbəb olur. Şirin içkilər orqanizmdə şəkəri qaldırır, həzmi zəiflədir, yağ əmələ gətirir. Bunun müqabilində orqanizm şəkəri azaltmaq üçün əlavə insulin istehsal edir ki, bu da zəifliyə, əsməyə, tərləməyə, yorulmağa və aclıq hissinə səbəb olur. Yeməkdə olan kimyəvi əlavələr selikli qişaları qıcıqlandırır, böyrəklərin işini artırır. Bəzi sodalı içkilərdə fosfor olur ki, bu da kalsini orqanizmdən xaric edir.
Ona görə tədricən sümüklər quruyur və tez sınır. Çox təəssüf ki, bizim sağlamlığımız üçün son dərəcə xeyirli olan təbiətin bu əvəzsiz töhfəsindən az istifadə edirik. Bunun əvəzində isə orqanizmin mayeyə olan tələbatını ödəmək üçün çaya üstünlük veririk. Hətta elə insanlara rast gəlmək olur ki, onlar, ümumiyyətlə, su içmirlər, yaxud çox az miqdarda su içirlər. Çayın tərkibində kofein deyilən maddə var. Kofein çaydan başqa, kofedə, kolada, şokoladda, tibbi preparatlarda olur. Kofein mədənin turşuluğunu 3 dəfə artırır. Mədə turşuluğu yuxarı olan şəxslərin çay qəbulundan sonra mədə nahiyəsində xoşagəlməz hissiyyatın yaranması, qıcqırma və mədədə göynəmənin müşahidə edilməsi bununla əlaqədardır. Odur ki, hər səhər yataqdan duran kimi 2 stəkan, səhər yeməyi ilə nahar arasında 2 stəkan, nahar ilə şam yeməyi arasında 2 stəkan və şam yeməyindən 1 saat sonra və yatmazdan 30 dəqiqə əvvəl yenə 2 stəkan su için.
Məmmədəli ƏLƏKBƏROV
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi