Ali və orta ixtisas təhsili müəssisələrinin tələbə heyətinin kütləvi tibbi müayinəsi davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tədbirlər planı hazırlamış, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası LOR üzrə həkiminin rəhbərliyi ilə müxtəlif səhiyyə müəssisələrinin ftiziatr, rentgenoloq, terapevt, nevropatoloq, stomatoloq, dermatoveneroloq, oftalmoloqlarından ibarət həkim komissiyası yaradılmışdır.
Naxçıvan Dövlət Universitetində noyabr ayından başlanmış profilaktik tibbi yoxlamalar martın 2-də başa çatmışdır. Keçirilən son tədbirdə 580 tələbə tibbi müayinələrlə əhatə olunmuşdur. 70 miopiya, 7 diş daşı, 23 burun-qulaq-boğaz, 10 terapevt, 12 dəri-zöhrəvi xəstəliyi aşkar edilmiş, onların daşıyıcıları olan tələbələrin müalicəsi üçün tibbi göstəriş verilmişdir. 250 tələbə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində flüoroqrafik müayinədən keçmiş, vərəm xəstəliyi aşkar edilməmişdir. Bütövlükdə aksiyanın əvvəlindən 2220 tələbə tibbi müayinələrə cəlb olunmuş, ciddi xəstəlik halları müşahidə edilməmişdir. Hazırda tələbə heyətinin kütləvi profilaktik tibbi müayinəsinin ilkin nəticələri barədə nazirlikdə təhlillər aparılır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti