Hər il martın 24-də dünya ictimaiyyəti Beynəlxalq Vərəmlə Mübarizə Gününü qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması istiqamətində səyləri gücləndirməkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, mart ayında Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş tədbirlərə start verilib. Martın 4-də Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Şahbuz Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik seminar keçirib.
Xəstəxananın baş həkimi İlvin Rzayev tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə danışıb. Dispanserin həkimi, təşkilati-metodik kabinənin müdiri Məmmədəli Ələkbərov “Vərəmin aşkarlanma strategiyası”, dispanserin həkim-pediatrı Elnurə Rzayeva “Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası”, profilaktik kabinənin müdiri Əbülfəz Məmmədov “Vərəm xəstəliyinin profilaktikası”, dispanserin həkim-bakterioloqu Səbuhi Məmmədov “Vərəmin rezistent formaları, onun aşkarlanması”, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Səkinə Qəhrəmanova “Vərəm xəstəliyi və hamiləlik” mövzularında çıxış ediblər.
Seminarda bildirilib ki, belə bir günün qeyd edilməsi üçün martın 24-ü təsadüfən seçilməyib. 1882-ci ildə məhz həmin gün alman mikrobioloqu Robert Kox vərəmi törədən mikrobları kəşf etdiyini elan edib. Statistikaya görə, vərəm hər il 1,6 milyon insanın həyatına son qoyur. Təəssüf ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlikdir. Lakin bu mübarizəni bir an belə dayandırmadan müəyyən sabitliyə nail olmaq mümkündür. Bunun üçün əhalinin vərəm xəstəliyi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq vacibdir.
Sonra dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara vərəmin profilaktikası barədə bukletlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti