Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, qadınlar arasında süd vəzi xərçəngönü xəstəliklərinin aşkar edilməsi üçün kütləvi profilaktik tibbi müayinələr davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-onkoloqları tərəfindən son iki ildə Naxçıvan şəhəri və rayonlar üzrə 2000-dən çox qadın təhsil işçisinin süd vəzinin profilaktik müayinəsi həyata keçirilib. Müayinələr zamanı 85 qadının süd vəzində fibroadenoma, mastopatiya və digər patologiyalar aşkar edilərək onlar Onkoloji Mərkəzə dəvət olunub və mammoqrafiya müayinəsindən keçirilərək diaqnozu dəqiqləşdirilib, müvafiq müalicələr təyin edilib.
Cari ilin profilaktik tibbi müayinələri isə muxtar respublikanın mədəniyyət işçilərini əhatə edir. Belə ki, artıq qadın mədəniyyət işçiləri arasında süd vəzinin profilaktik müayinəsinə başlanılıb.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Onkoloji Mərkəzin baş həkimi Viladi Cabbarov bildirib ki, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçsə, problem erkən mərhələdə müəyyənləşdirilsə, xəstəliklə mübarizə asanlaşır və o, müvəffəqiyyətlə müalicə olunur.
Bu patologiyanın bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu vurğulayan onkoloq digər xəstəliklərdən fərqli olaraq bu xəstəlikdə yaş amilinin mühüm rolunu qeyd edib. Bildirilib ki, ölkəmizdə son illər onkoloji xidmətin müasir standartlara uyğunlaşdırılması və maarifləndirmə işinin genişləndirilməsi nəticəsində xəstəliyin əlamətləri daha erkən aşkarlanır və uğurlu müalicə üsullarından istifadə edilir.
Sonra Naxçıvan Dövlət Filarmoniyası, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Heydər Əliyev Sarayında çalışan 111 nəfər qadın mədəniyyət işçisi müayinədən keçib.
Müayinələr həftədə iki dəfə olmaqla, ilboyu davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti