Hər birimizin şəxsi işində vacib sayılan sənədlərdən biri də tibbi arayış olur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri işə qəbul edilərkən və işlədiyi müddətdə məcburi dövri tibbi müayinədən keçməlidirlər. Bəs sağlamlıq haqqında tibbi arayışlar necə əldə edilir? Əslində, bu mövzuya toxunmağım səbəbsiz deyil. Bu günlərdə qarşılaşdığım bir hadisə məni bu mövzunu qələmə almağa məcbur etdi.
Yaxın adamlardan birinə işə girmək üçün tibbi arayış lazım idi. Məlum oldu ki, bu insan tibbi yoxlamadan keçməyərək “hazır” tibbi arayış əldə edib. Onun səhiyyə ocağına getmədən və müayinələrdən keçmədən bu arayışı əldə etməsi məsələnin bir tərəfidir. Maraqlıdır ki, bu arayışı təqdim edən, müxtəlif müayinələrin nəticəsi qrafasında “sağlam” sözünü yazan səhiyyə işçisi məsuliyyətini dərk edirmi? Müşahidələrimiz onu deməyə əsas verir ki, bu halla səhiyyə müəssisələrinin əksəriyyətində rastlaşmaq olar. Məlumdur ki, müəllimlər, tibb işçiləri, sürücülər, ərzaq istehsalı ilə məşğul olan işçilər və başqa peşə sahibləri işlədiyi müddətdə məcburi dövri tibbi müayinə olunmalıdırlar. Ancaq nədənsə, bu işə də biganə yanaşılır. Belə peşə sahibləri ərazi prinsipi ilə yaşadıqları məntəqələr üzrə rentgen, dəri-zöhrəvi, poliklinika və bağırsaq infeksiyalarına görə tibbi müayinələrdən keçməlidirlər. Müəssisə rəhbərləri işçilərini dövri tibbi müayinə haqda arayışı olmadıqda işə buraxmamalıdırlar. Bəzən hər hansı bir səbəbdən müayinədən yayınma halları olur. Bəzən də elə olur ki, müayinə edilmədən qeydiyyat aparılır. Bəs bu işdə ziyalılarımız, müəllimlərimiz niyə məsuliyyətsizlik edirlər? Onların da özü bu işdə maraqlı olmalıdırlar.
Çünki təhsilli gənclər yetişdirməklə yanaşı, həm də sağlam gənclər böyütməliyik. Ona görə də hər gün onlarla şagirdlə ünsiyyətdə olan müəllim ilk olaraq özünün sağlamlığına ciddi diqqət yetirməlidir. Bunun üçün də muxtar respublikamızda hər cür şərait var. Ola bilər ki, müəllim hər hansı bir xəstəliyin daşıyıcısıdır, bəlkə özünün də bundan xəbəri yoxdur. Ancaq müayinə zamanı bu, ortaya çıxa bilər və qarşısı tezliklə alınar. Beləliklə də həm vətəndaşın sağlamlığı təmin olunar, həm də infeksion və parazitar xəstəliklərin məktəblilər arasında yayılmasının qarşısı alınar. Dünyanın müxtəlif ölkələrində bəzi infeksion xəstəliklərin yayıldığı bir dövrdə bu məsələyə daha məsuliyyətlə yanaşmalıyıq.
Müayinələrə gəldikdə isə vətəndaşı müayinədən keçirməmiş sağlamdır deyə arayış vermək həkimin öz vicdanına qalıb. Axı həkimlik olduqca çətin, məsuliyyətli, eyni zamanda şərəfli peşədir. Bu ağxalatlı peşə sahibləri həmişə insanların hörmətlə yanaşdıqları, ehtiram bəslədikləri şəxslər olmuşlar. Çünki onlar ən qiymətli varlıq sayılan insan sağlamlığının keşiyində dururlar. Unutmaq olmaz ki, yalnız sağlam olan bir insan xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilər. Tibbi arayış almaq istəyən insanlar özləri də tibbi müayinədən keçməyə maraqlı olmalıdırlar. Onsuz da biz bədən üzvlərimizdən biri ağrımasa, həkimə müraciət etmirik. Heç olmasa, tibbi arayış alarkən müayinədən keçək ki, sağlamlıqla bağlı problemimiz ortaya çıxsın, müalicə olunaq, həyatımızın bundan sonrakı dövrünü sağlam yaşayaq.
Muxtar respublikamızda səhiyyənin inkişafı istiqamətində görülən işlər həkim və orta tibb işçilərinə səhiyyə xidmətinin səviyyəsini yüksəltməyə şərait yaradıb. Səhiyyə işçiləri bu şəraitdən səmərəli istifadə edərək insanların sağlamlığı keşiyində durmağa borcludurlar. Bunu onlardan ən azı yaradılan şərait və Hippokrat andı tələb edir.
Gəlin bu barədə düşünək!
Sara Əzimova