Muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər yanvar ayında da davam etdirilmiş, səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılmışdır. Səhiyyə infrastrukturunun müasirləşdirilməsi tədbirlərinin davamı olaraq ötən ay Kəngərli rayonunun Yurdçu və Babək rayonunun Xəlilli kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmiş, tibbi xidmətin səviyyəsi yüksəldilmişdir.
Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət olunması, aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili yanvar ayında da davam etdirilmişdir. Belə ki, Respublika Klinik Xəstəxanasının 21 nəfərlik həkim briqadası Şərur rayonunda olmuş, 2504 nəfəri tibbi müayinədən keçirmiş, 75 əməliyyat aparmışdır. Bu dövrdə dağınıq skleroz xəstələrinə, eləcə də Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dərman preparatları, reaktivlər və digər tibbi materiallar verilmiş, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Daxili İşlər Nazirliyi əməkdaşlarının qanvermə aksiyası keçirilmiş, 23 nəfərdən 11,5 litr qan tədarük edilmişdir.
Muxtar respublikada epidemioloji vəziyyətə nəzarət etmək məqsədilə qabaqlayıcı profilaktik tədbirlər görülmüş, səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçmişdir. Ərazi Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrində, ictimai-iaşə obyektlərində, əhalinin daha sıx olduğu ictimai yerlərdə, məişət tullantı meydançalarında, həmçinin su anbarlarında, su təchizatı qurğularında müntəzəm dezinfeksiya və dezinseksiya işləri aparılmışdır.
Ay ərzində muxtar respublikanın tibb müəssisələrinə 1915 xəstə müraciət etmiş, 1837 xəstə müayinə və müalicədən sonra evə buraxılmış, stasionarda 419 cərrahi müdaxilə aparılmışdır. Bu dövrdə rayon mərkəzi xəstəxanaları və GEM-lər tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər”lə bağlı tikinti və digər istehsal obyektlərində nəzarət yoxlamaları davam etdirilmiş, əlilliyin təyininin yeni meyarlara keçidi ilə əlaqədar tibb müəssisə rəhbərləri və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasının birgə seminarı keçirilmişdir. Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə yanvar ayı ərzində muxtar respublika üzrə 26 nəfər Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 22 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 16 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdi.
İxtisaslı kadrların hazırlanması istiqamətində tədbirlər də davam etdirilmiş, 1 həkim təkmilləşmə kursu keçməsi üçün Ankara Universitetinin Tibb fakültəsinə göndərilmişdir. Əhali arasında səhiyyə maarifi işlərinin aparılmasına da diqqət artırılmış, 2138 maarifləndirici söhbət aparılmış, 15 seminar keçirilmiş, tibbi şuralarda 14 məsələ müzakirə edilmiş, “Sağlamlıq” televiziya və “Şəfa” radio verilişlərində aktual tibbi məsələlər öz əksini tapmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti