Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan ölkələrdə “donuz qripi”nə (A/H1N1) görə epidemioloji vəziyyətin kəskin ağırlaşması ilə əlaqədar olaraq zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, tibb işçiləri və əhali arasında geniş səhiyyə maarifi işlərinin aparılması davam etdirilir.
Muxtar respublika ərazisində “donuz qripi” virusu ilə bağlı təhlükəli hala rast gəlinməsə də, bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planı hələ ötən il dekabrın 24-də muxtar respublikanın bütün şəhər və rayon tibb müəssisələrinə paylanmışdır. Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və bütün rayon mərkəzi xəstəxanalarında çalışan pediatrların, terapevtlərin, həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində işləyən sahə tibb işçilərinin, məktəb və məktəbəqədər uşaq müəssisələrinin tibb bacılarının və ərazi Gigiyena və Epidemiologiya mərkəzlərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə geniş elmi-praktik seminarlar keçirilmişdir. Seminarlarda tibb işçilərinə qrip xəstəliyinin etio-patogenezi, epidemiologiyası, klinika, laborator diaqnostikası, müalicə və profilaktikası haqqında ətraflı məlumat verilmişdir. Tədbirin keçirilməsində məqsəd sahə tibb işçiləri tərəfindən ev gəzintilərinin intensivliyinin artırılması, qrip xəstəliyinə bənzər əlamətlər olan hallarda həmin xəstələrin və xəstələrlə təmasda olan, onlara qulluq göstərən şəxslərin tibbi nəzarətdə saxlanılması, məktəb və məktəbəqədər müəssisələrin tibb bacıları tərəfindən məktəb və bağçaların girişində tibbi müşahidənin aparılması, uşaqlar, müəllimlər, tərbiyəçilər və başqalarında qrip xəstəliyinə şübhəli hal aşkar olunduqda dərhal sağlam kollektivdən təcrid olunaraq evdə ambulator müalicəyə cəlb olunmasından ibarətdir. Həmçinin tibb bacılarına kəskin xəstəlik əlamətləri olan şəxslərin stasionar şəraitdə həkim nəzarəti altında müalicə almaları, ehtiyac olduğu halda Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə köçürülməsi tapşırığı verilmişdir. Xəstəliyin profilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış yaddaş vərəqələrinin əhali arasında paylanması təmin edilmişdir. Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrində, ictimai iaşə obyektlərində, əhalinin daha sıx olduğu ictimai yerlərdə, məişət tullantısı meydançalarında dezinfeksiya tədbirlərinin aparılması intensiv xarakter almışdır. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində və rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində bu məqsədlə lazımi palatalar hazırlanmış, dərman preparatları ilə təchiz edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti