Yanvarın 28-də Naxçıvan Şəhər Təcili Tibb Mərkəzində “Hipertonik krizlər zamanı ilkin tibbi yardımın təşkili” mövzusunda təlim-treninq keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin baş həkimi Ədalət Salmanov bildirib ki, belə seminarların keçirilməsində əsas məqsəd həkimlərimizin bilik və peşə bacarıqlarının yüksəldilməsindən, müasir tibbi avadanlıqlardan daha səmərəli istifadə etməklə əhaliyə göstərilən ilkin tibbi xidmətin keyfiyyətini yüksəltməkdən ibarətdir. 2008-ci ildən Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi kimi fəaliyyət göstərən bu səhiyyə müəssisəsi üçün lazımi iş şəraiti yaradılmışdır. 5 həkim briqadası qrafikə uyğun olaraq 24 saat hadisə yerində fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir. Təcili və təxirəsalınmaz müdaxilələr üçün briqadalar tibbi cihaz və avadanlıqla təchiz edilmişlər.
Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzin həkimi Fərrux Bayramov ilkin tibbi yardım göstərən həkimlərlə qarşılıqlı əlaqələrin müalicələrin vaxtında və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaratdığından bəhs edib.
Sonra Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı həkimi Əkrəm Məmmədli “Hipertonik krizlər zamanı ilkin tibbi yardımın təşkili” mövzusunda təlim-treninq aparıb. Çağırışçı həkimlərin, kardioloqların, həkim-rezidentlərin iştirak etdikləri tədbirdə ilkin tibbi xidmət zamanı ən çox rast gəlinən hipertonik krizlərin başvermə səbəbləri, əlamətləri, hipertonik kriz zamanı ilkin tibbi yardım barədə müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tədbirə yekun vuraraq səhiyyə sisteminin yenidən qurulması, ixtisaslı kadrların hazırlanması, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti