Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyası ilə birgə iclas keçirilib.
İclasda tibb müəssisələrindəki həkim məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib. Birgə iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, vətəndaşların əmək qabiliyyətinin itirilməsi hallarının həkim məsləhət komissiyaları tərəfindən ekspertizasının, tibbi-sosial ekspert komissiyası tərəfindən isə əlillik dərəcəsinin təyini işinin təkmilləşdirilməsi istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir. Hər iki nazirliyin birgə kollegiya və cari iclaslarında tibbi-sosial ekspert komissiyalarına göndərişlərdə və vətəndaşlara əlillik dərəcəsinin təyinində yol verilən nöqsanlar geniş təhlil olunur, onların aradan qaldırılması barədə konkret tapşırıqlar verilir.
Tədbirdə pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılması ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirilib. Bildirilib ki, hazırda əlilliyin təyin olunması meyarları müvafiq hüquqi baza ilə müəyyənləşdirilir və əlillik vətəndaşın xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Xəstə müvafiq səhiyyə müəssisələrinin həkim məsləhət komissiyasına müraciət edir və həmin komissiya tərəfindən xəstəyə “Forma 88” adlanan göndəriş verildiyi halda, o, ərazi tibbi-sosial ekspert komissiyasına göndərilir. Burada ətraflı müayinə olunur və ona vəziyyətə uyğun olaraq əlillik dərəcəsi (I, II, III) müəyyən edilməklə əmək zəmanəti verilir. Əmək zəmanəti verilərkən isə vətəndaşın əmək qabiliyyətli olub-olmamasına dair məlumatlar (işi, ixtisası, peşəsi) nəzərə alınır. Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində aparılan məqsədyönlü tədbirlər nəticəsində tibbi-sosial ekspert komissiyasına göndərişlərin sayı ilbəil azalır. Məsələn, 2014-cü ildə səhiyyə müəssisələri tərəfindən əlillik qrupu almaq üçün ilkin göndərişlərin sayı əvvəlki illə müqayisədə 100 nəfər, 2015-ci ildə isə əvvəlki illə müqayisədə 70 nəfər azalıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev ötən il rayonlar üzrə tibbi-sosial ekspert komissiyasına göndərilən müraciətlər, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.
Tədbirdə həkim məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspert komissiyasına göndərişlərin təlimata uyğun həyata keçirilməsi, əsaslandırılmamış göndərişlərin yazılmasına yol verilməməsi, imtiyazlı əlillərin nəqliyyat vasitələri ilə təmin olunmasında tam şəffaflığın yaradılması barədə baş həkimlərə tapşırıqlar verilib. İki nazirliyin birgə əməkdaşlığının muxtar respublikada əlilliyin təyin olunması vəziyyətinin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti