Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Belə humanitar aksiyalardan biri yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi işçilərinin iştirakı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində həyata keçirilib. Donorların müayinəsini və qan götürülməsini həyata keçirən qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.
Qeyd olunub ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların – ürək, böyrək, mədə-bağırsaq, qaraciyər xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. İnsanların həmrəyliyi bu işin təşkilinə böyük kömək edir. Muxtar respublikamızda da bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.
Sonra nazirliyin işçiləri “Sən də bir həyat ver” devizi altında qanvermə aksiyasına qoşulub. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada 23 nəfər könüllü olaraq qan verib. Donorlardan götürülən 9,2 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti