22 Dekabr 2024, Bazar

Dünyanın bir çox yerlərində, o cümlədən qonşu ölkələrdə “donuz qripi” kimi də tanınan H1N1 virusunun yayılması və bu xəstəliyə yoluxanlar arasında ölüm faktlarının qeydə alınması ilə bağlı xəbərlər yayılmaqdadır. Xəstəliyin sürətlə sərhədləri aşmasına baxmayaraq, əvvəlcədən görülmüş və müntəzəm olaraq davam etdirilən profilaktik tədbirlər nəticəsində muxtar respublikamızda epidemioloji vəziyyət stabildir. İnsanlar arasında yoluxma faktı və təhlükəli hallar müşahidə edilmir.
Naxçıvanın yerləşdiyi təbii-coğrafi şəraiti nəzərə alsaq, əlbəttə ki, xaricdə, xüsusən də qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstə­liklər və təhlükəli viruslarla bağlı ciddi təhdid və risklər mövcuddur. Ona görə də muxtar respublikamızın bütün sərhəd-keçid məntəqələrində zəruri profilaktik işlər, lazımi sanitar və dezinfeksiya tədbirləri görülür, gömrük orqanları gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Xaricdən muxtar respublikamıza gələn bütün avtonəqliyyat vasitələri sensorla işləyən dezinfeksiyaedici qurğulardan keçir. Məhz lazımi profilaktika aparılandan sonra həmin nəqliyyat vasitələri muxtar respublika ərazisinə buraxılır.
Xaricdən gələn şəxslərin bədən temperaturuna termal-kameralar vasitəsilə nəzarət olunur. Həmçinin vizual olaraq da tibbi müşahidə aparılır. Şübhəli hal qeydə alındıqda həmin şəxs nəzarətə götürülür, sərhəd-keçid məntəqələrindəki sanitar otaqlarda müayinə olunur və Səhiyyə Nazirliyi, o cümlədən ən yaxın tibb müəssisəsi ilə məlumat mübadiləsi aparılır.
Gün ərzində sərnişin giriş zallarındakı qapıların dəstəkləri, döşəmələr, qeydiyyat yerləri mütəmadi olaraq xüsusi məhlulla dezinfeksiya edilir, yoluxucu xəstəliklərin profilaktikası üçün bütün zəruri tədbirlər lazımi səviyyədə həyata keçirilir.
Sərhəd-keçid məntəqələrində Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemi­ologiya Mərkəzinin tibb personalı da fəaliyyət göstərir. Məqsəd yoluxucu xəstəliklərlə bağlı sərhəddən gələ biləcək təhlükələrə qarşı birgə mübarizə aparmaqdır.
Sərhəd-keçid məntəqələrində yoluxucu xəstə­liklərin profilaktikası məqsədilə görülən işlər təkcə H1N1 virusunun deyil, ümumilikdə, bütün yoluxucu xəstəliklərin, o cümlədən qonşu ölkələrdə yayılmış dabaq xəstəliyinin də muxtar respublikaya keçməsinin qarşısının alınmasına xidmət edir. Bu məqsədlə həmçinin gömrük orqanları tərəfindən xaricdən gətirilən heyvandarlıq məhsullarına qarşı ciddi nəzarət və məhdudiyyət tədbirləri də həyata keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, “donuz qripi” virusu müxtəlif H1N1 viruslarının qarışığından yaranır. Xəstə­liyin əlamətləri adi insan qripinin əlamətlərinə oxşar olsa da, özünü daha ağır formada göstərir. Hava yolu və xəstə insanla yaxın təmas nəticəsində xəstəlik asanlıqla yayıla bilir. Mütəxəssislər isə deyirlər ki, xəstəlikdən uzaq durmağın başlıca şərti şəxsi gigiyena qaydalarına düzgün əməl etmək və immun sistemini qüvvətləndirməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR