Muxtar respublikada səhiyyə xidmətinin səviyyəsinin ilbəil yüksəldilməsinin nəticəsidir ki, əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə nail olunub.
Son illərdə tibb ocaqları üçün yeni binalar tikilib istifadəyə verilir, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilir. Paytaxt Bakı şəhərindən yüksəkixtisaslı həkim briqadaları mütəmadi olaraq muxtar respublikaya dəvət olunur, aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsi diqqət mərkəzində saxlanılır.
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadasının dekabrın 22-25-də Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhalini tibbi müayinədən keçirməsi bu tədbirin davamlı xarakter almasının göstəricisidir. Oftalmoloq Rasim Orucov, travmatoloq Cavid Musazadə, cərrahlar Sahib Hüseynov, Toğrul Məhərrəmov, anestezioloq-reanimatoloq Elşən Ağayev, kardioloq Samirə Məmmədli, ginekoloqlar Kənarə Abdullayeva, Aytəkin Hacızadə, otolarinqoloq Məzahir Quliyev, nevropatoloq Qabil Bayramov, allerqoloq Reyhan Paşayeva, endokrinoloq Aynur Hümmətova və başqalarının səyi ilə aksiyanın keçirildiyi 3 gün ərzində 2520 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan 72 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.
Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də aksiyada fəal iştirak edib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti