22 Dekabr 2024, Bazar

Ölkəmizin paytaxtı Bakı şəhərindən müxtəlif ixtisaslar üzrə həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dekabr ayının 22-dən Ordubad rayonunda növbəti humanitar aksiyaya start verib. Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan 3 günlük aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 24 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Onlardan oftalmoloq Rasim Orucov, travmatoloq Cavid Musazadə, cərrahlar Sahib Hüseynov, Toğrul Məhərrəmov, anestezioloq-reanimatoloq Elşən Ağayev, kardioloq Samirə Məmmədli, ginekoloqlar Kənarə Abdullayeva, Aytəkin Hacızadə, otolarinqoloq Məzahir Quliyev, nevropatoloq Qabil Bayramov, allerqoloq Reyhan Paşayeva, endokrinoloq Aynur Hümmətova və başqalarının səyi ilə aksiyanın ilk günü 450 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan 15 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.

Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nevroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar. Qeyd edək ki, xəstəxanaya min nəfərdən çox pasiyent müayinə olunmaq üçün müraciət edib. Onların hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə tibbi xidmət göstərir.
Aksiyada iştirak edən Ordubad şəhər sakini Süleyman Qənbərov bildirdi ki, övladının cərrahi müdaxiləyə ehtiyacı var idi. Rayon Mərkəzi Xəstəxanasında belə bir aksiya keçirilməsi bu ehtiyacın ödənilməsinə imkan verib. Aksiyanın ilk günü övladı üzərində cərrahi əməliyyat aparılıb. Palataya yerləşdirilən xəstə yüksək həkim nəzarətindədir. Valideyn belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlığını ifadə etdi.
Ordubad şəhər sakini Şəlalə Ağayeva, Nəsirvaz kənd sakini Səkinə Həsənova və başqaları da onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək razılıqlarını bildirdilər.
Xatırladaq ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadası bu ilin yanvar ayında Şərur, may ayında isə Ordubad Rayon Mərkəzi xəstəxanalarında əhalini tibbi müayinədən keçirmişdi.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR