22 Dekabr 2024, Bazar

Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının, Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin, dispanserlərin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ayda bir dəfə müxtəlif ucqar dağ kəndlərində, yaşayış məntəqələrində olur, əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçirirlər.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Şahbuz rayonundakı Aşağı Qışlaq kəndində olmuşdur.
Pediatr, stomatoloq, oftalmoloq, nevropatoloq, endokrinoloq və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 50 nəfər uşağa tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür. 50 nəfər valideynlə səhiyyə maarifi işi aparılmış, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilmişdir.

Xəstələrə pulsuz dərman və sarğı materialları verilmiş, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar tibb işçilərinə metodik köməklik göstərilmişdir.

*   *   *

Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası isə Gilançay kəndində yeni quruculuq ünvanlarından olan feldşer-mama məntəqəsində əhalini profilaktik müayinələrdən keçirmişdir. Bu il noyabrın 23-də istifadəyə verilmiş Gilançay Kənd Mərkəzində feldşer-mama məntəqəsi üçün 3 iş otağı ayrılmışdır. Məntəqə dərman preparatları, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunmuşdur.
Stomatoloq, oftalmoloq, terapevt, ginekoloq, pediatr və ultrasəslə müayinə həkimlərindən ibarət briqada məntəqənin tibb işçilərinin də fəal iştirakı ilə gün ərzində 150 müayinə aparmışdır. 26 uşaq pediatrik müayinəyə cəlb edilmişdir. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. 1 uşaqda anemiya, 1 uşaqda helmintoz aşkar edildiyindən onlar dispanser qeydiyyatına götürülmüş, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstə­lərin sayı dəqiqləşdirilmişdir. Əhali arasında mövsümi xəstə­liklər zamanı ilkin tibbi xidmət, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məs­ləhətlər verilmişdir.
Eyni zamanda ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR