22 Dekabr 2024, Bazar

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” kitabı işıq üzü görmüşdür.
Reanimasiya ölümə məruz qalan və kliniki ölüm vəziyyətinə düşmüş insanın həyatını xilas etmək üçün müasir təbabətdə yayılmış yenidən canlandırma metodudur. Tibbin elə bir sahəsi yoxdur ki, orada anestezioloji yardıma, intensiv müalicəyə ehtiyac olmasın. Kitabda verilmiş obrazlı bir ifadədə bu fikir öz əksini belə tapır: “Anestezioloq xəstə üçün məleykə-cangüdəndir”. Xəstəliyin növündən asılı olmayaraq, anestezioloq və reanimatoloqlar həmin xəstələrə yardım göstərirlər. Ona görə də reanimasiya bölmələri müvafiq səhiyyə müəssisələrinin mühüm tərkib hissəsinə çevrilmişdir. Son illər inşa olunan xəstəxana və dispanserlərdə müasir tələblər səviyyəsində reanimasiya şöbə və bölmələrinin istifadəyə verilməsi də bu zərurətdən meydana gəlir. Bu bölmələr dünya standartlarına cavab verən ən müasir tibbi avadanlıqlarla, cihaz və aparatlarla təmin olunur. Hazırda əsas diqqət təcili və təxirəsalınmaz yardım göstərilən bu bölmələr üçün ixtisaslı tibbi kadrlar yetişdirməkdən, ekstremal vəziyyətdə işləyən tibb işçilərinin bilik və bacarıqlarını yüksəltməkdən ibarətdir. Belə bir şəraitdə təcrübəli həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” monoqrafiyası ixtisasından asılı olmayaraq, hər bir tibb işçisi üçün mühüm əhəmiyyət kəsb edir.

“Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” monoqrafiyasında anesteziya, reanimasiyanın bir elm sahəsi kimi inkişaf tarixindən, onların təşkili prinsip­lərindən, hospitala qədər reanimasiyadan bəhs olunur. Kitabda reanimasiya və intensiv terapiya tədbirləri, traxeyanın intubasiya texnikası, ürəyin yeni üsulla masajı, ürək-ağciyər-beyin reanimasiyasının praktiki izahı, infuziyon terapiya, tənəffüs yollarının anatomiyası, intubasiyon borular, manjetlər, onların xüsusiyyətləri və istifadə qaydaları, müəllif tərəfindən yeni təklif olunan endotraxeal intubasiyasının asanlaşdırılma metodikası haqqında məlumat verilir. Vəsait anestezioloq-reanimatoloq həkimlər üçün intubasiya və çətin intubasiya təsadüflərində əsas informasiya mənbəyidir. Eyni zamanda vəsaitdən tələbələr, həkimlər, anesteziologiya sahəsində ixtisaslaşan mütəxəssislər, orta tibb işçiləri dəyərli məlumatlar əldə edə bilərlər.
Kitab ön söz, giriş və iki fəsildən ibarətdir. 86 elmi ədəbiyyatdan istifadə olunub. Mövzuya aid şəkil, cədvəl, diaqram və slaydlar kitabdakı müddəaları daha asan qavramağa kömək edir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR