Dünən Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi ilə birgə kəskin damar çatışmazlığına həsr olunmuş təlim-treninq keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova bildirmişdir ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırmış, ixtisaslı kadrların hazırlanması, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır.
Sona Məmmədova qeyd etmişdir ki, indi əsas diqqət həkimlərimizin peşə bacarıqlarının yüksəldilməsinə, müasir tibbi avadanlıqlardan daha səmərəli istifadə edilməsinə yönəldilmişdir. Bu sahədə Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin üzərinə düşən əsas vəzifə ilkin tibbi xidmətin səmərəliliyini yüksəltməkdən, dərman təchizatını yaxşılaşdırmaqdan ibarətdir. Artıq bu sahədə görüləcək işlərə start verilmişdir.
Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin baş həkimi Ədalət Salmanov çıxışında bildirmişdir ki, bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri həyata keçirilir. 2008-ci ildən Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi kimi fəaliyyət göstərən bu səhiyyə müəssisəsi üçün elə həmin il müasirtipli, zirzəmi ilə birlikdə üçmərtəbəli bina istifadəyə verilmiş, lazımi iş şəraiti yaradılmışdır. 5 həkim briqadası qrafikə uyğun, 24 saat fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir. Təcili və təxirəsalınmaz müdaxilələr üçün briqadalar tibbi cihaz və avadanlıqlarla təchiz edilmişdir. Təcili tibbi yardım heyəti tərəfindən istifadə edilən nəqliyyat parkı tam təchiz edilmiş ambulans “Mercedes”, “Qazel” və “QAZ 31” markalı avtomobillərdən ibarətdir. Həmişə iş başında olan çağırışçı həkimlərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzin baş həkimi Alı Əliyev ilkin tibbi yardım göstərən həkimlərlə qarşılıqlı əlaqələrin müalicələrin vaxtında və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirmişdir.
Sonra Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı həkimi Əkrəm Məmmədli “Kəskin damar çatışmazlığı” mövzusunda təlim-treninq keçmişdir. Çağırışçı həkimlərin, kardioloqların, həkim-rezidentlərin iştirak etdikləri tədbirdə ilkin tibbi xidmət zamanı ən çox rast gəlinən hipovolemik, anaflaktik, kardiogen, reflektor şokların patogenezi, klinikası, müalicəsi barədə müzakirələr aparılmış, dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti