Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycan səhiyyəsində yeniliklər” mövzusunda tədbir keçirilib.
Elmi-praktik konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu ölkəmizin hər bir bölgəsində diaqnostika-müalicə mərkəzlərinin, xəstəxanaların tikilərək istifadəyə verilməsində, tibb müəssisələrinin müasir səhiyyə avadanlıqları ilə təmin edilməsində əsas rol oynayır. Muxtar respublikamızda da əhalinin sağlamlığının qorunması, tibbi xidmət səviyyəsinin yüksəldilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.
Səhiyyə naziri qeyd edib ki, bugünkü tədbirin keçirildiyi Naxçıvan Muxtar Respublika Xəstəxanası bölgədə analoqu olmayan səhiyyə müəssisələrindən biridir. 600 nəfərə yaxın tibbi heyətin çalışdığı xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatıb. 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir.
Müstəqillik illərində muxtar respublikada 220-dən artıq səhiyyə müəssisəsinin tikilib istifadəyə verilməsi, onların lazımi tibbi avadanlıqlarla və ixtisaslı kadrlarla təmin olunması Naxçıvan səhiyyəsinin tamamilə müasirləşdirilməsinə səbəb olub. İndi əsas diqqət həkimlərimizin peşə bacarıqlarının artırılmasına, müasir tibbi avadanlıqlardan daha səmərəli istifadə etməklə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldilib. Bu sahədə Mərkəzi Neftçilər Xəstəxanasında Rəşad Mahmudovun başçılıq etdiyi Ürək və damar xəstəlikləri şöbəsi ilə qarşılıqlı əlaqələr öz faydasını verməkdədir.
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin müdiri, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılmasının əhalinin sağlamlığının etibarlı təminatına geniş imkanlar açdığını, quruculuq işləri sırasında mühüm yer tutduğunu bildirib. Naxçıvanda ötən əsrin 90-cı illərində digər sahələr kimi, səhiyyədə də yaranmış acı mənzərələri xatırladan Rəşad Mahmudov bu gün bütövlükdə muxtar respublikanın əsl inkişaf və tərəqqi yolunda olduğunu vurğulayıb.
Sonra Mərkəzi Neftçilər Xəstəxanası Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi “Azərbaycan səhiyyəsində transplantasiyanın müasir aspektləri”, Urologiya şöbəsinin həkim-cərrahı, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan “Laparoskopik və robotik uroloji cərrahiyyə”, Otorinolarinqologiya şöbəsinin həkim-cərrahı Tural Hüseynov “Azərbaycan səhiyyəsində koxlear implantasiya və onun gələcək perspektivləri” mövzularında məruzələr ediblər.
Fasilədən sonra öz işini davam etdirən konfransda Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin müdiri Rəşad Mahmudovun, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-kardioloqu Nail Mehbalıyevin, mərkəzin həkim-cərrahı İntiqam Fətullayevin müxtəlif mövzularda məruzələri dinlənilib, videosüjetlər, cərrahiyyə proseslərindən görüntülər nümayiş etdirilib.
Tədbirdə tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə ölkə başçısının tapşırıqlarının, dövlət proqramlarının xüsusi rolundan bəhs olunub, onların icrasının təmin edilməsi hər bir həkim və tibb işçisinin mühüm vəzifələri kimi dəyərləndirilib.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti