Dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul kimi hazırda bütün dünyada qəbul olunaraq tətbiq edilir.
Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyətləri qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə müxtəlif yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali kütləvi profilaktik müayinələrə cəlb olunur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, bu il aprelin əvvəllərindən 40-45 yaşlı əhalinin kütləvi müayinə tədbirləri, dispanserizasiyası həyata keçirilmiş və bu yaş qrupuna aid insanlarda qanda xolesterinin miqdarı təyin edilmişdir. Müayinələr Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilmiş, ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələr təşkil edilmişdir.
Bütövlükdə, muxtar respublika üzrə 40-45 yaşlı 27 min 931 nəfər əhalidən 20 min 475 nəfəri profilaktik tibbi müayinələrə cəlb olunmuşdur. Onlardan 6378 nəfərdə xolesterin müayinəsi aparılmış, 1295 nəfərdə xolesterinin az yüksək, 821 nəfərdə yüksək, 139 nəfərdə isə çox yüksək miqdarda olduğu müəyyən edilmişdir. Qanında xolesterinin miqdarı normadan yüksək olan 40-45 yaşlı əhalinin 36 faiz təşkil etməsi dünyanın inkişaf etmiş ölkələrindəki göstəricilərə nisbətən xeyli yaxşıdır. Bu, bir tərəfdən əhalinin maddi rifahının yüksəldilməsi hesabınadırsa, digər tərəfdən muxtar respublikada aparılan profilaktik tədbirlərin nəticəsidir.
Qanda xolesterinin miqdarı çox olanlara düzgün qidalanma, çox yüksək olanlara isə pəhrizlə bərabər, müvafiq dərman preparatları tövsiyə edilmişdir.
Başa çatmış müayinələrin nəticələri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində təhlil olunur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti