22 Dekabr 2024, Bazar

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriyanın aktual problemlərinə dair elmi-praktik konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova konfransı giriş sözü ilə açaraq uşaqların sağlamlığının qorunmasına göstərilən dövlət qayğısından danışıb, gələcəyimiz olan uşaqların hər cür qayğı ilə əhatə olunduğunu bildirmişdir.
Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev cari ildə uşaqlara göstərilən tibbi xidmətin vəziyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, bu gün muxtar respublikada yaşayan əhalinin 126 min 187 nəfərini (29 faiz) 0-18 yaşa qədər uşaqlar təşkil edir. Onların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, məktəbyaşlı uşaqlarda ixtisas həkimləri tərəfindən dərin tibbi müayinələrin aparılması, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri, idarəolunan yoluxucu xəstə­liklərə qarşı peyvəndlərin vurulması və digər sağlamlıq tədbirləri daim diqqət mərkəzindədir. İdarəolunan yoluxucu xəstəliklərə qarşı profilaktika işi bu il daha da gücləndirilmiş, peyvəndlərin qrafik əsasında aparılmasına ciddi nəzarət edilmişdir. Bu ilin noyabr ayında poliomielit turu uğurla aparılmışdır.

Qeyd olunmuşdur ki, uşaqlara xidmət edən tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi pediatrik xidmət göstəricilərinin yüksəlməsinə səbəb olmuşdur. Belə ki, bu ilin ilk 9 ayında 4900 uşaq doğulmuş, onlara lazım olan peyvənd­lər vaxtında vurulmuş­­dur. İcbari dispanserizasiyaya görə 2015-ci ilin son 2 ayında 33 min 698 uşaq müayinələrdən keçirilmiş, aşkar olunan xəstələr dispanser qeydiyyatına götürülmüşdür. İndiyədək 3671 elektron sağlamlıq kartı alınıb paylanmışdır.
“Muxtar respublikada ixtisaslı müayinə aparan bütün həkim briqadalarının fəaliyyəti daha da yaxşı­laşdırılmış, onların tərkibinə pediatrlar daxil edilmişdir”, – deyən İbrahim Ağayev vurğulamışdır ki, ixtisaslı həkim briqadaları muxtar respublikanın ucqar, xüsusən sərhəd və pediatr olmayan bölgələrində 21 min 560 uşağa tibbi xidmət göstərmişlər. Uşaqlar arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə 25 tam orta məktəbdə maarifləndirici seminarlar keçirilmiş, radio, televiziya və mətbuatda uşaqlarda mövsümlə əlaqədar tez-tez rast gəlinən xəstəliklərə, onların profilaktikasına, uşaqların düzgün qidalanmasına dair çıxışlar edilmiş, məqalələr dərc olunmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-neonatoloqu Günay Hüseyn­ovanın “Yenidoğulmuşlarda hemorragik vəziyyət, müasir müalicə üsulları”, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin V kurs tələbəsi Ülviyyət Cəfərovanın “Uşaqlarda anemiyalar, rastgəlmə tezliyi, profilaktikası və müalicəsinə müasir baxış” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunmuş, dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR