Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Stomatoloji Mərkəzin iş planına uyğun olaraq, muxtar respublikamızda bütün məktəbəqədər və məktəbyaşlı uşaqlar, 17-25 yaşlı gənclər, 25-40 və ondan yuxarı yaş qruplu əhali arasında ildə iki dəfə stomatoloji müayinələrin aparılması nəzərdə tutulub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzində 6 həkim və 6 tibb bacısından ibarət briqada yaradılıb. Yaz mövsümünün stomatoloji müayinələri ümumtəhsil məktəblərini əhatə edib. Bu müddətdə müayinələrə 11 min 435 nəfər məktəbli cəlb olunub.
Payız mövsümünün stomatoloji müayinələrinə isə Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdən start verilib. Burada keçirilən tədbirdə Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova çıxış edərək dişlərə qulluğun insan sağlamlığında rolundan danışıb. Sonra ağız boşluğuna qulluq haqqında “Sağlam dişlər gözəlliyin rəhnidir” adlı slaydlar nümayiş etdirilib.
Tibb kabinəsində məktəbin I-VI siniflərinin 250 şagirdi profilaktik müayinələrə cəlb edilib, ağız boşluğunun, dişlərin profilaktik müayinələri aparılıb. Kariyes və diş əti xəstəliyi müşahidə olunan şagirdlər barədə məktəbin direktorluğuna məlumat verilib. Həmin şagirdlərin valideynləri tərəfindən müalicəyə cəlb edilməsi tövsiyə olunub. Məktəblərdə fəaliyyət göstərən tibb kabinələrinin işçiləri uşaqların müayinədən keçirilməsində və sənədləşmənin aparılmasında, eyni zamanda qeydiyyata götürülməsində yaxından iştirak edirlər.
Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında, ədliyyə orqanlarında stomatoloji müayinələr başa çatıb. Hazırda Naxçıvan Dövlət Universitetində tələbələr arasında stomatoloji müayinələr aparılır. Artıq 300 tələbə müayinələrlə əhatə olunub. Universitetin Tibb fakültəsinin tələbələri də bu müayinələrdə iştirak edərək praktik vərdişlərə yiyələnirlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti