Bu gün uşaqları idarə olunan yoluxucu xəstəliklərdən qorumaq üçün Azərbaycan Respublikasının milli peyvənd təqvimi ilə 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır. Bu peyvəndlərin vurulması sayəsində kiçikyaşlı uşaqların çox vaxt ölümünə səbəb olan yoluxucu xəstəliklərin bir çoxu tamam ləğv edilmişdir. Bu xəstəliklərdən biri də uşaqlar üçün həyati təhlükə olan poliomielit xəstəliyidir.
Azərbaycanda bu xəstəliyə 1996-cı ildən rast gəlinmir və respublikamız Avropanın bir çox inkişaf etmiş ölkələri ilə yanaşı, 2002-ci ildən poliomielit xəstəliyindən azad ölkə kimi tanınır. Lakin bütün dünyada həmin xəstəlik ləğv edilməyənə qədər ona yoluxma təhlükəsi qalır. Bu səbəbdən də digər peyvəndlərlə yanaşı, bu peyvənd bu gün respublikamızda qrafik əsasında aparılır.
Poliomielit xəstəliyi viruslar tərəfindən törədilən, beynin boz maddəsinin iltihabıdır. Sinir sisteminin zədələnməsi, ətraflarda baş verən ifliclərlə, nəticədə isə artrozlarla, kontrakturalarla xarakterizə olunur. Əsas infeksiya mənbəyi xəstə və virusgəzdirən insanlardır. Yoluxma yolu ağızın selikli qişasıdır (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab suları və sair). Poliomielitə, adətən, 15 yaşına qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ancaq, əsasən, 5 yaşına qədər uşaqlar xəstələnirlər. Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən, soyuqdəymə simptomları ilə başlayır: başağrısı, qusma, iştahasızlıq, yuxunun pozulması, hərarətin yüksəlməsi və sair. Bir qədər sonra xəstənin ətraflarında möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəki aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir, təngnəfəslik artır. Xəstəliyin ilk günlərindən eyni zamanda qarında ağrılar, bəzən ishal və ya qəbizlik olur. Ağrı hissiyyatının çox olması ilə əlaqədar məcburi vəziyyət yaranır, meninqeal əlamətlər inkişaf edir, əzələlərdə süst ifliclər daimi xarakter daşıyır və ətrafların kontrakturası ilə nəticələnir. Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının (yüksək hərarətin, iştahasızlıq, əzələ, baş ağrıları və sair) yüngülləşdirilməsindən ibarətdir. Poliomielit keçirmiş xəstələrin çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya müalicəsi olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur. Ona görə poliomielitin müalicəsində əsas yeri kontrakturaların profilaktikası tutur – masaj, müalicə bədən tərbiyəsi, ortopedik tədbirlər.
Poliomielitin yeganə profilaktikası peyvənd yoludur. Bu gün respublikamızda poliomielitə qarşı peyvənd uşağın 4-5 günlüyündə, 2, 3, 4 aylığında və 18 aylığında (1 yaş 6 aylıq) aparılır. Peyvənd maye şəklində pipetlə ağıza damızdırılır. Effektiv immunitet yaradılması üçün uşaq 5 peyvəndi almalıdır. Peyvənd üçün, demək olar ki, əks-göstəriş yoxdur, peyvənddən sonra əlavə təsirə rast gəlinmir.
Hörmətli valideynlər! Uşaqlarınızın sağlamlığı üçün onların vaxtında peyvənd olunmasına şərait yaradın. Gələcəyimiz olan uşaqların sağlamlığının qorunması hamımızın ümumi işidir.
İbrahim AĞAYEV
Azərbaycan Respublikasının Əməkdar həkimi