Naxçıvan Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva, kollecin müəllimləri Mehri Seyidbəyli, Xəyalə Çələbinin “Anatomiya, fiziologiya və patologiyanın əsasları” adlı kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunmuşdur.
Kitab tibb kolleclərinin tədris proqramına uyğun metodik göstərişlər əsasında tərtib edilmişdir. Kitabda insan orqanizminin quruluşu, ayrı-ayrı orqanların funksiyası və patologiyası zamanı orqanlarda və tam orqanizmdə baş verən dəyişikliklər, maddələr mübadiləsi, enerji çevrilmələri prosesləri, həyat üçün vacib olan vitaminlər və onların əhəmiyyəti, həmçinin bioloji aktiv maddələrin mübadilə pozğunluqlarında törənən patoloji təzahürlər haqqında məlumatlar verilmişdir.
Təbabətin əsasını normal və patoloji anatomiya ilə çox vəhdətdə olan normal və patoloji fiziologiya təşkil edir. Çünki hər hansı bir orqanın nisbi normaya aid quruluşunu, funksiyasını bilmədən onun xəstəliklərinin etiopatogenezi barədə mülahizə yürütmək mümkün deyildir.
Tibb kolleclərində bu fənlər bir proqram əsasında birləşdirilərək normal orqanizmin quruluş və funksiyalarını öyrənməklə yanaşı, patologiyaya keçidin ümumi məsələlərini də öyrədir. Burada xüsusi patologiyaya aid müəyyən anlayışlar verilərək klinik fənlərlə patologiyalar arasında əlaqə olduğu aydınlaşdırılır.
Anatomiya, fiziologiya və patologiya fənnindən latın qrafikası ilə Azərbaycan dilində dərsliyin olmaması həm müəllimlərin, həm də tələbələrin işində çətinliklər yaradır, müəllimləri dərs saatını, demək olar ki, bütünlüklə mühazirə materialını yazdırmağa məcbur edirdi. Yeni kitabın nəşri ilə artıq bu çətinlik aradan qaldırılacaqdır.
Rusiya Tibb Akademiyasının akademiki, professor Vaqif Şadlinskinin ümumi redaktorluğu, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru A.İsayev, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının dosenti, tibb elmləri doktoru B.Hüseynov, Naxçıvan Dövlət Universitetinin Ümumi təbabət və gigiyena kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov və akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin doktorantı, Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahı, tibb üzrə fəlsəfə doktoru E.Bababəylinin rəyləri ilə nəşr olunan dərslik Mamalıq işi, Müalicə işi və Tibb bacısı işi ixtisasları üçün tərtib olunan proqramı əhatə etməklə, 24 fəsildən, 255 səhifədən, 45 rəngli şəkil və 16 atlas tablolarından ibarətdir. Dərsliyin sonunda mətndə istifadə olunan latın terminlərinin lüğəti verilmişdir. Bu kitabdan yalnız tibb kolleclərinin tələbələri deyil, universitetlərin Biologiya ixtisası tələbələri, elmi-tədqiqat işi aparan müəllimlər, orta məktəblərin biologiya müəllimləri də istifadə edə bilərlər.
Hüseyn Əsgərov