22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetinin 2015-ci ilin may ayında istifadəyə verilən yeni xəstəxana binası peşəkar tibbi kadr hazırlığının müvəffəqiyyətlə həyata keçirilməsinə, müqəddəs həkimlik sənətini seçən gənclərin ilkin tibbi vərdişlərə yiyələnməsinə geniş imkanlar açmışdır.
Üçmərtəbəli xəstəxana binasında cərrahiyyə bloku, 2 reanimasiya palatası, rentgen otağı, klinik laboratoriya, aptek və müayinə otağı vardır. 9 çarpayılıq xəstəxanada eyni zamanda ultrasəs, elektrokardioqrafiya, tibb bacısı və həkim kabinələri, stomatoloji və əczaçılıq laboratoriyaları, fizioterapiya şöbəsi, sterilizasiya otağı, 3 auditoriya, oftalmoloji kabinə var. Xəstəxananın bütün şöbələri ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur ki, bu da yüksək səviyyəli tibbi xidmət, tələbələrin bu sənəti praktik olaraq peşəkarcasına mənimsəmələri, sevmələri üçün geniş imkanlar yaradır. Universitet öz kadrlarını işlə təmin etmək üçün xəstəxanada daha çox rezidentura təhsilini bitirən həkimlərin işləməsinə üstünlük verir.

Xəstəxananın baş həkimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayevin müşayiəti ilə burada yaradılan şəraitlə yaxından tanış olduq, görülən işlərlə maraqlandıq. Baş həkim məlumat verdi ki, açılışda iştirak edən Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq, xəstəxana bütün universitet kollektivinə mütəmadi tibbi xidmət göstərir. Elmar Rzayevin sözlərinə görə, universitet müəllimlərinin müxtəlif sistemlər üzrə müayinələri nəzərdə tutulur. Qadın müəllimlər üçün xüsusi müayinələr aparılacaq. Eyni zamanda texniki işçilər və universitet ərazisində iaşə obyekti işlədən işçilərin də müntəzəm olaraq xüsusi gigiyenik müayinələri planlaşdırılır.
Onu da öyrəndik ki, xəstəxananın 2015-2016-cı tədris ilinə aid iş planına uyğun olaraq, tələbələrin kütləvi müayinəsinə başlanılmışdır. İlk olaraq yataqxanada qalan tələbələrin müayinəsi aparılır. Tələbələr ümumi klinik yoxlamadan, elektrokardioqrafik, daxili orqanların və tiroid vəzin ultrasəs müayinələrindən, arterial təzyiq, boy və çəki müayinələrindən keçirlər. Müxtəlif regionlardan olan tələbələrin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların mütəmadi tibbi xidmət alması universitet xəstəxanasının əsas amalıdır. Tələbələrin müayinəsi zamanı Tibb fakültəsinin yuxarı kurs tələbələri də yaxından iştirak edirlər. Müayinələr birbaşa tələbələrin iştirakı ilə aparılır. Bu zaman Tibb fakültəsinin tələbələri onlar üçün çox vacib olan sərbəst müayinə bacarığı əldə etməklə yanaşı, klinik müayinə aparmaq kimi vacib vərdişlərə də yiyələnirlər.
Dərs ilinin sonuna kimi xəstəxanada ardıcıl olaraq müxtəlif səhiyyə xidmətləri göstəriləcək. Universitet klinikasının əsas məqsədi müəllimlər və tələbələri profilaktik müayinələrə cəlb edərək onlarda yarana biləcək hər hansı sağlamlıq problemlərini vaxtında aşkar etməkdir. Xəstəxananın açılışından bu günə kimi 189 nəfər müəllim və texniki işçidə, universitetin 14 nəfər iaşə, 24 nəfər texniki işçisində hepatit B və hepatit C infeksiyalarının müayinəsi, ultrasəs və EKQ müayinələri aparılmışdır. Hazırda müəllim və texniki işçilərin tiroid vəzinin ultrasəs müayinəsi, yataqxana sakini olan 205 nəfər tələbənin ultrasəs, EKQ, tiroid müayinəsi aparılır. Ümumilikdə, 6 ay ərzində 433 nəfər müayinə olunmuşdur.

Mehriban Sultan

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR