Muxtar respublikamızda fəaliyyət göstərən tam orta məktəblərdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, səmərəliliyinin artırılması həyata keçirilən səhiyyə islahatlarında mühüm yer tutur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şagirdlərin sağlamlıqlarının daha da yaxşılaşdırılması barədə təsdiq olunmuş tədbirlər planında bu sahədə görüləcək işlərin məzmunu, icra vaxtı, icraya məsul müəssisələrin adları öz əksini tapmışdır. Həmçinin nazirlikdə məktəb tibb məntəqəsində çalışan tibb işçisinin vəzifələri, təhsil müəssisələrində sanitar-gigiyenik tələblər hazırlanaraq müvafiq tibb müəssisələrinə verilmişdir.
Nazirlik tərəfindən bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 4 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə dair edilmiş dəyişikliyə uyğun olaraq aparılır.
Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Məktəbyaşlı uşaqlar arasında mütəmadi olaraq həyata keçirilən bütün bu tədbirlər, o cümlədən kütləvi oftalmoloji, stomatoloji, ortopedik, psixiatrik, endokrinoloji müayinələr nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.
Hazırda muxtar respublikanın rayon və kəndlərində fəaliyyət göstərən məktəblərdə tibbi xidmət rayon mərkəzi xəstəxanaları, ambulatoriyalar, feldşer-mama məntəqələrinin tibbi heyəti tərəfindən aparılır. Şərur Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində, Şərur şəhərində yerləşən 1, 2 nömrəli və Ərəbyengicə, Kürçülü, Kürkənd, Düdəngə, Cəlilkənd, Püsyan kəndlərində yerləşən tam orta məktəblərdə tibbi xidmət məktəbin tibb bacıları tərəfindən icra olunur.
Təhsil ocaqlarında tibbi xidmət göstərən heyət məktəbin rəhbərliyi ilə birlikdə şagirdlərin sağlamlığı və inkişafı, müalicə-profilaktik tədbirlərin keçirilməsi, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə riayət olunması, şagirdlərin düzgün qidalanması, onların fiziki və əqli yükünün normal balanslaşdırılması üçün məsuliyyət daşıyır.
Naxçıvan şəhər məktəblərində isə tibbi xidmət Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası Poliklinika şöbəsinin təhsil müəssisələrində fəaliyyət göstərən pediatrik kabinələrinin həkim-pediatrları və tibb bacıları tərəfindən həyata keçirilir. Şəhərin 2, 3, 7, 10, 12 nömrəli tam orta məktəblərində səhiyyə xidmətinin göstərilməsi üçün tibb otaqları ayrılmış, çəki və boyölçən, tibbi taxt, dərman şkafı və şagirdlərə ilk təcili yardım göstərilməsi üçün dərmanlarla təchiz edilmişdir. Tibb otaqlarında həkim-pediatr və tibb bacıları fəaliyyət göstərirlər. Onların iş rejimi Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi tərəfindən təsdiq edilmiş rəsmi iş qrafiki ilə tənzimlənir. Məktəbdə fəaliyyət göstərən tibb bacıları 900-dan 1530-dək, həkim-pediatrlar isə həm də sahələrdə çalışdıqları üçün baş həkim tərəfindən təsdiqlənmiş cədvəl əsasında məktəbdə tibbi xidmət göstərirlər. Tibb otağında həkimlərin iş qrafiki, şagirdlərin tibbi sənədləri (Forma №26) yığılmış qovluq, baş həkim tərəfindən təsdiq olunmuş həkim və tibb bacısına aid iş planı, məktəb üzrə həkim və tibb bacılarının vəzifə təlimatları, ilk tibbi yardım, səhiyyə maarifi, infeksion xəstəliklər, otaqların, qovşaqların sanitar vəziyyəti, dispanser, uşaqların sağlamlığı ilə bağlı dərsə davamiyyət, qida blokuna nəzarət, mantu jurnallarında lazımi qeydlər vaxtlı-vaxtında aparılır, hər hansı bir xəstəlik nəticəsində dərs buraxmış şagirdlərə həkim tərəfindən verilən arayışlar öz əksini tapır.
Məktəblərdə dezinfeksiya məqsədilə xlordan istifadə edilir. Xlorlu məhlul gigiyena və epidemiologiya mərkəzləri tərəfindən verilmiş təlimata uyğun hazırlanır.
Məktəb bufetləri səliqəli saxlanılır, satılan qida məhsullarının üzərində yerli məhsullar olduğunu, buraxılma tarixini və son istifadə müddətini bildirən əmtəə nişanı vardır. Ərzaqların düzgün saxlanma qaydalarına riayət edilir.
Mərkəzi Uşaq Xəstəxanası tərəfindən hər tədris ilində 2 dəfə olmaqla, ixtisaslı həkimlərdən (oftalmoloq, stomatoloq, ortoped, endokrinoloq, LOR-həkim, pediatr, ftiziatr, psixiatr və sair) ibarət həkim briqadası yaradılır və məktəblərdə şagirdlər tibbi müayinələrdən keçirilirlər. Vərəm xəstəliyinin erkən aşkarlanması məqsədilə müxtəlif yaş qruplu şagirdlər mantu sınaqlarına cəlb edilirlər.
Mərkəzi Uşaq Xəstəxanasında hər həftənin çərşənbə günü Poliklinika şöbəsində keçirilən iclasda məktəb tibb bacılarının iştirakı ilə görülən işlər müzakirə edilir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti