22 Dekabr 2024, Bazar

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayıl­ovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” kitabının təqdimat mərasimi keçirilmişdir.
Səhiyyə naziri Niyazi Novruzov bildirmişdir ki, müasir təbabətdə elə bir sahə yoxdur ki, orada anestezioloji yardıma, intensiv müalicəyə ehtiyac olmasın. Xəstəliyin növündən asılı olmayaraq, anestezioloq və reanimatoloqlar həmin xəstələrə yardım göstərirlər. Son illər inşa olunan xəstəxana və dispanserlərdə müasir tələblər səviyyəsində reanimasiya şöbə və bölmələrinin istifadəyə verilməsi də bu zərurətdən meydana gəlir. Bu bölmələr dünya standartlarına cavab verən ən müasir tibbi avadanlıqlarla, cihaz və aparatlarla təmin olunurlar. Hazırda əsas diqqət təcili və təxirəsalınmaz yardım göstərilən bu bölmələr üçün ixtisaslı tibbi kadrlar yetişdirməkdən, ekstremal vəziyyətdə işləyən tibb işçilərinin bilik və bacarıqlarını yüksəltməkdən ibarətdir. Təcrübəli həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” monoqrafiyası ixtisasından asılı olmayaraq, hər bir tibb işçisi üçün mühüm əhəmiyyət kəsb edir.

Səhiyyə naziri qiymətli dərs vəsaitini ərsəyə gətirdiyi üçün müəllifi təbrik etmiş, ona elmi və praktiki fəaliyyətində uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov təqdimat mərasimində çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı sahəsində də mühüm işlər görülmüşdür. Ötən dövrdə şəhər, rayon və kəndlərdə 200-dən artıq səhiyyə müəssisəsinin tikilib istifadəyə verilməsi, onların lazımi tibbi avadanlıqlarla təmin olunması muxtar respublika səhiyyəsini tama­milə müasirləşdirmişdir.
Səhiyyənin inkişafı ilə yanaşı, muxtar respublikada yüksəkixtisaslı kadr hazırlığı da ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır. Muxtar respublikada ixtisaslı həkim və orta tibb işçilərinin hazırlıq səviyyəsini artırmaq üçün Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin maddi-texniki bazası, o cümlədən zəruri tibbi avadanlıqlarla təminatı yaxşılaşdırılmış, həmçinin muxtar respublikanın, eləcə də Türkiyə Respublikasının səhiyyə müəssisələrində tələbələrin bilik və bacarıqlarını artırmasına, təcrübə keçmələrinə şərait yaradılmışdır.
Bununla yanaşı, tibb işçilərinin də ixtisas səviyyəsini artırması diqqətdə saxlanılır, onlar mütəmadi olaraq Bakı şəhərinin, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kursa göndərilirlər. Muxtar respublikada səhiyyənin aktual problemlərinə həsr olunan simpozium, konfrans, elmi-praktik seminarların təşkil edilməsi də tibb işçilərinin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində həyata keçirilən bu tədbirlər kadr hazırlığına öz müsbət təsirini göstərməklə yanaşı, səhiyyə müəssisələrinin ixtisaslı kadr təminatını da yaxşılaşdırmışdır.
Qeyd olunmuşdur ki, kadr hazır­lığına dövlət qayğısı bununla bitmir. Muxtar respublikada kadr hazırlığının səviyyəsini artırmaq, onların bilik və bacarıqlarını yüksəltmək üçün yeni tədris vəsaitlərinin işlənib hazırlanması da diqqətdə saxlanılır. Muxtar respublikada elmin inkişafına göstərilən diqqət və qayğı alim və mütəxəssislərin bu istiqamətdəki fəaliyyətlərini artırmışdır. Bunun nəticəsidir ki, müstəqillik illərində digər elm sahələri kimi, tibb sahəsində də muxtar respublikanın alim və mütəxəssisləri tərəfindən tədqiqatlar aparılır, yeni kitablar nəşr edilir. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində bu cür nəşrlərin təqdimatının keçirilməsi, ictimaiyyətə çatdırılması artıq ənənə halını almışdır.
Vurğulanmışdır ki, “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” kitabının təqdimatı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında keçirilir. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-cərrahı, tibb üzrə fəlsəfə doktoru Cəbi İsmayıl­ovun elmi araşdırmaları nəticəsində ərsəyə gələn bu kitabda anesteziologiya və reanimasiyanın əsas məsələlərinin bəzi aspektləri təhlil olunmuş, onun tədris prosesindəki praktiki rolu işıqlandırılmışdır. Müəllifin seçdiyi mövzu müasir səhiyyədə öz aktuallığı ilə seçilir. Çünki ixtisasından asılı olmayaraq, bütün tibb işçilərinin təcili reanimasiya fəndlərini bilməsi müasir səhiyyənin əsas tələblərindən biri hesab olunur. Bu gün tibb təhsili alan hər bir tələbə gələcəkdə tibbin hansı sahəsində işləməsindən asılı olmayaraq, reanimasiya metodlarını hərtərəfli mənimsəməlidir. “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” kitabı da bu baxımdan dəyərli mənbə kimi tibb təhsili alan tələbələr, ordinatorlar, müəllimlər, həkimlər üçün faydalı hesab edilə bilər.
Rəhman Məmmədov faydalı nəşrə görə tibb üzrə fəlsəfə doktoru Cəbi İsmayılova təşəkkürünü bildirmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Sonra Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent İsa Abdullayev “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” kitabının elmi və praktiki əhəmiyyəti”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim anestezioloq-reanimatoloqu Elsevər Ağəli­yev “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” kitabının tədris vəsaiti kimi əhəmiyyəti” mövzularında çıxışlar etmişlər.
Tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov müəllifi olduğu monoqrafiyanı muxtar respublikada yaradılmış elmi mühitin bəhrəsi kimi dəyərləndirmiş, fəaliyyətinə və yaradıcılığına verilən yüksək qiymətə görə öz minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR