Naxçıvan Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayevanın, AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayevanın, AMEA Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun, Gəncə Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılovun, Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımovun və Naxçıvan Tibb Kollecinin müəllimi Şəfiqə Qasımovanın müəllifliyi ilə 648 səhifədən ibarət olan “Farmakoqnoziya botanikanın əsasları ilə” adlı fundamental kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuşdur. Bu əsər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 fevral 2014-cü il tarixli qərarı ilə dərslik kimi nəşrə tövsiyə edilmişdir.
Kitabın elmi redaktoru və məsləhətçisi AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik Tariyel Talıbov, rəyçiləri biologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Nemət Qasımov, kimya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və əczaçılıq üzrə elmlər doktoru, professor Məhbubə Vəliyevadır.
Müasir dövrdə tətbiqi ekologiya və botanikanın inkişafı, təbii mühit komponentləri üzərində uzunmüddətli qlobal və regional miqyasda proqnozlaşdırma və nəzarətin təşkili xüsusi yer tutur. Belə ki, insanların təbiətə qarşı yönələn antropogen təsirləri nəticəsində torpaq-bitki örtüyünün və landşaftların təbii quruluşunun kəskin dərəcədə pozulması eroziya proseslərini daha da gücləndirmişdir. Bu səbəbdən respublikanın flora və faunasının qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması üçün qoruqlar, yasaqlıqlar və milli parklar yaradılır.
Bu kitabdan daha səmərəli istifadə edilməsi üçün bitkilərin tanıdılması məqsədilə təbii şəraitdə çəkilmiş fotoşəkillər, hər bir bitkinin botaniki xarakteristikası, çiçək və meyvəvermə vaxtları, ekoloji şəraiti, coğrafi tipi, lokal və qlobal ərazilərdə yayılması haqqındakı məlumatlar kitabı daha da oxunaqlı edib.
Təqdim olunan kitabda dərman bitkilərinin toplanılması, qurudulması və saxlanılması qaydaları, vegetasiya fazasından asılı olaraq orqanlarından istifadə üsulları və tətbiqi verilməklə yanaşı, botaniki təsviri haqqında ilkin və vacib anlayışlar da şərh edilmişdir. Dünyada və o cümlədən Azərbaycanda yayılan və farmakopeyada qəbul olunan dərman bitkilərinin makrotaksonları son nomenklatur olan APG II və APG III sistemlərinə uyğun verilməklə yayılması və müalicəvi xüsusiyyətləri ətraflı şəkildə araşdırılmışdır.
Kitabda dərman bitkilərinin arealı, tərkiblərindəki bioloji fəal maddələrin farmakoloji təsiri, ilkin (əsas) və ikincili metobolizmin mahiyyəti, dərman bitkilərinin resurs bazası, bitki xammalının standartlaşdırılması, normativ sənədləri, analiz üsulları, xammalın qablaşdırılması, markalanması, daşınması, dərman məqsədilə istifadə edilən bitki orqanlarının analizi, dərman bitki xammalından mikropreparatların hazırlanması və istifadəsi haqqında geniş məlumatlar verilmişdir.
Kitabda dünyada və ölkəmizdə yayılan 200 növdən çox bitkinin adları Azərbaycan və latın dillərində verilməklə, botaniki təsviri, yayılması, ekologiyası, biokimyəvi və farmakoloji tərkibi, tətbiqi və istifadə üsulları haqqında ətraflı izahlar öz əksini tapmış, onların müvafiq xəstəliklərdə istifadəsi üçün konkret reseptlər də tövsiyə edilmişdir. Dərman bitkilərinin izahı ilə yanaşı, kimyəvi-farmakoloji və terminoloji xüsusiyyətləri də nəzərə alınmışdır. Farmakoloji terminlər, floramızda geniş yayılan xalq, elmi və ənənəvi təbabətdə daha çox istifadə olunan dərman bitkiləri haqqında məlumatlar əhatəli şəkildə verilmişdir.
Dərslik farmakoqnoziya fənni üzrə müxtəlif illərdə nəşr edilmiş digər dərsliklərdən fərqlənir. Belə ki, dərslik botanika bölməsinin verilməsi, bitkilərin botaniki xarakteristikası, coğrafi elementləri, ekoloji şəraiti, yayılması, toplanılması, qurudulma və saxlanılma qaydaları, standartlaşdırılması, kimyəvi, farmakoloji tərkibi və istifadəsi baxımından yeni müasir proqram əsasında yazılmışdır.
Müəlliflər yeni məlumatlara və dünya təcrübəsinə əsaslanaraq ölkəmizin dinamik inkişafını və florasının zənginliyini əsas götürməklə belə bir sanballı və qiymətli kitabın yazılmasına nail olmuşlar.
Əliyar İBRAHİMOV
biologiya üzrə elmlər doktoru, professor