Noyabrın 24-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent İsa Abdullayevin “Peritonitlər” kitabının təqdimat mərasimi keçirilmişdir.
Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidmətin keyfiyyətcə daha da yaxşılaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır.
Səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün görülən işlər sırasında muxtar respublikada tibb elminə dair yeni kitabların nəşri mühüm əhəmiyyət kəsb edir və yaradılmış elmi mühit müxtəlif sahələrdə sanballı tədqiqat əsərlərinin meydana gəlməsinə şərait yaradır. Bu, səhiyyə sisteminə də aiddir. Son illər səhiyyənin tarixinə aid kitabların, dərslik və monoqrafiyaların təqdimatı artıq ardıcıl xarakter daşıyır. Həkim-cərrah İsa Abdullayevin “Peritonitlər” kitabı da bu qəbildəndir.
Səhiyyə naziri kitabın məziyyətlərindən danışmış, müəllifi təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov bildirmişdir ki, müstəqil Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ardıcıl və hərtərəfli qayğısı, möhtəşəm tərəqqiyə yönələn müdrik siyasəti sayəsində Naxçıvan hər keçən gün yeni bir uğura imza atır. Muxtar respublikada elə bir sahə tapmaq mümkün deyil ki, o, inkişafdan, tərəqqidən kənarda qalsın. Tarixi saxlanılmaqla müasirləşən Naxçıvanda bütün sahələr, o cümlədən səhiyyə, təhsil, elm durmadan inkişaf edir. Bu inkişafın nəticəsidir ki, səhiyyə sistemi tamamilə yenidən qurulmuş, əhalinin sağlamlığının qorunması diqqətdə saxlanılmış, səhiyyə müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmış, bir sözlə, müasir səhiyyə infrastrukturu yaradılmışdır.
Qeyd olunmuşdur ki, muxtar respublika səhiyyəsində dünya tibb elminin nailiyyətlərinin və müasir avadanlıqların tətbiqi səhiyyə işçilərinin bilik səviyyəsinə olan tələbləri artırmışdır. Muxtar respublikada ali və orta ixtisas tibb təhsilinə, eləcə də səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dövlət qayğısı bu sahənin inkişafına böyük töhfə vermiş, səhiyyə xidmətini yaxşılaşdırmışdır. Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, yemək borusunun plastikası, süni oynaq köçürülməsi, açıq ürək, göz və digər bu kimi əməliyyatların həyata keçirilməsi muxtar respublikada səhiyyə xidmətinin səviyyəsini xarakterizə edən əsas faktorlardır. Əvvəllər bu əməliyyatları Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunan yüksəkixtisaslı mütəxəssislər aparırdısa, bu gün bu əməliyyatlar Naxçıvan həkimləri tərəfindən də aparılır.
Diqqətə çatdırılmışdır ki, Naxçıvan Muxtar Respublikasında həkimlərin bilik və bacarıqlarının artırılmasında səhiyyənin aktual problemlərinə həsr olunan yeni kitabların nəşrinin də böyük əhəmiyyəti vardır. Sevindirici haldır ki, bu prosesdə muxtar respublikanın alim və mütəxəssisləri fəallıq göstərir, yaradılmış şəraitdən səmərəli istifadə edirlər. Onlar elmi araşdırmalar aparır və təcrübi biliklərini ümumiləşdirərək kitab halında nəşr etdirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu cür fəaliyyəti dəstəkləyir, elmi dəyəri yüksək olan kitabların təqdimatını, ictimaiyyətə çatdırılmasını diqqətdə saxlayır.
“Peritonitlər” kitabının təqdimatı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında keçirilir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru İsa Abdullayevin çoxillik tədqiqatları nəticəsində ərsəyə gələn bu kitab cərrahiyyənin ən aktual məsələlərindən biri olan peritonitlərin etiologiyası, patogenezi, klinikası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuşdur. Peritonit probleminin həllinə yönəldilmiş tədqiqatlara və əldə olunan nailiyyətlərə baxmayaraq, bu günədək bu patologiyanın diaqnostikasının və müalicəsinin çoxlu açılmamış məsələləri mövcud olmaqdadır. Müəllif peritonitə səbəb olan nadir xəstəlikləri ümumiləşdirmiş, aid olduğu patologiyanı tam əhatə etmişdir. Bu da kitabın elmi dəyərini artırmışdır. Kitab tibb təhsili alan tələbələr, ordinatorlar, müəllimlər və həkimlər üçün faydalı mənbədir.
Rəhman Məmmədov “Peritonitlər” kitabının müəllifi, tibb üzrə fəlsəfə doktoru İsa Abdullayevə təşəkkürünü bildirmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Sonra tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov “Peritonitlər” kitabının elmi və praktik əhəmiyyəti”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim anestezioloq-reanimatoloqu Bəxtiyar Hüseynov “Peritonitlər” kitabının tədris vəsaiti kimi əhəmiyyəti” mövzularında çıxış etmişlər.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent İsa Abdullayev müəllifi olduğu monoqrafiyanı muxtar respublikada yaradılmış elmi mühitin bəhrəsi kimi dəyərləndirmiş, fəaliyyətinə və yaradıcılığına verilən yüksək qiymətə görə öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, kitabda qarın boşluğu orqanlarının və onun qişalarının iltihabının müalicə üsullarından bəhs olunur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti