Muxtar respublikada sosial-iqtisadi sahələrin bütün istiqamətləri üzrə müşahidə olunan uğurlu inkişaf səhiyyə sahəsini də əhatə edir. Əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birinə çevrilib.
Son illərin möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya, Onkoloji, Gigiyena və Epidemiologiya, Naxçıvan Şəhər Təcili Tibb, Naxçıvan Uşaq Bərpa mərkəzləri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxanası, rayon mərkəzi xəstəxanaları və digər obyektlər bu gün bölgədə müasir səhiyyə müəssisələrindəndir. Təkcə ötən il Naxçıvanda 13 səhiyyə müəssisəsinin istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsinə göstərilən xüsusi diqqət və qayğıdan xəbər verir.
Ötən ilin sentyabr ayından yenidən qurulmasına başlanan Naxçıvan Muxtar Respublika Xəstəxanasında son tamamlama işləri görülür. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan yenidənqurma prosesində binaya mansardtipli bir mərtəbə əlavə olunub. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada tikinti işləri yekunlaşıb. Binada hər cür şəraitə malik 109 palata yaradılıb. Xəstəxana binasının 4 korpusunun hər birində yük və sərnişin liftləri olmaqla, 10 lift quraşdırılıb. Binanın fasad hissəsi klassik və müasir memarlıq elementləri ilə zənginləşdirilib. Fasadda üzlük daş, poliestr və digər yerli inşaat materiallarından istifadə olunub. Binanın zirzəmi hissəsində masaj salonu, SPA mərkəzi, hovuz, duş kabinələri, morq, həkim və tibb bacıları üçün otaqlar və xidməti yerlər yaradılıb. Birinci mərtəbə stomatoloji kabinələr, təcili yardım, palatalar, fizioterapiya, ot vannası və Naftalan nefti ilə müalicə kabinələri, rentgen, əməliyyat otaqları üçün nəzərdə tutulub. Qalan mərtəbələr isə xəstəxananın şöbə və bölmələri, həkim və tibb bacıları, palatalar və digər müayinə və müalicə otaqları, laboratoriyalar, istirahət guşələri üçün ayrılıb. Binanın sonuncu mərtəbəsində geniş akt zalı, tibb təhsili alan tələbələr üçün siniflər və kafe fəaliyyət göstərəcək. Bütün bunlarla bərabər, xəstəxana binasından 45-50 metr kənarda yeni köməkçi bina da tikilib. Ümumiyyətlə, müasir layihə əsasında yenidən qurulan xəstəxana binası yaxın vaxtlarda nəinki muxtar respublikanın, hətta bütün regionun ən nəhəng səhiyyə ocaqlarından biri kimi fəaliyyətə başlayacaq.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqlarla təchiz olunması ilə bağlı tədbirlər haqqında ölkə başçısının 2014-cü il 11 aprel tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə doqquz milyon manat vəsait ayrılıb. Xəstəxanada müasir tibbi avadanlıqlar quraşdırılır. Bu tibb müəssisəsi müasir maqnit rezonans, kompüter-tomoqrafiya aparatları, rentgenskopiya və rentgenoqrafiya qurğuları ilə təchiz olunacaq. Burada quraşdırılan ultrasəs müayinə, süni tənəffüs və narkoz aparatları, fizioterapiya və hidroterapiya, müalicəvi idman üçün avadanlıqlar, stomatologiya və oftalmologiya aparatları dünyanın aparıcı ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır.
Xəbərlər şöbəsi