Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, dünən Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Stomatologiyanın aktual problemləri” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün görülən işlər sırasında elmi-praktik konfrans və seminarların, treninq və təlimlərin, təkmilləşdirmə kurslarının, təcrübə mübadilələrinin mühüm əhəmiyyətini qeyd edib.
Bildirilib ki, növbəti tədbirin müasir stomatologiyanın aktual problemlərinə həsr olunması mühüm əhəmiyyət kəsb edir, bu, praktik fəaliyyət göstərən həkim-stomatoloqlar üçün faydalı olacaqdır.
Sonra Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədovanın, mərkəzin həkim-stomatoloqları Könül Zeynalovanın, Ləman Əliyevanın, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim-stomatoloqları Sahib Qurbanovun, Kamran Hümmətovun müxtəlif mövzularda məruzələri dinlənilib.
Muxtar respublikanın səhiyyə müəssisələrində praktik fəaliyyət göstərən həkim-stomatoloqlar, orta tibb işçiləri, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdikləri tədbirdə verilən suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti