22 Dekabr 2024, Bazar

Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “Farmakoqnoziya botanikanın əsasları ilə” və “Anatomiya, fiziologiya və patologiyanın əsasları” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Səhiyyə naziri Niyazi Novruzov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən quruculuq tədbirlərinin muxtar respublikamızda da əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə stimul verdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş seçkilər bir daha göstərdi ki, muxtar respublika əhalisi ümummilli lider Heydər Əliyev yolunun davam etdirilməsinə alternativ görmür. Bu da səbəbsiz deyil. Çünki son illər bu yolun uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada bütün sahələrdə, o cümlədən səhiyyə sistemində inkişaf və tərəqqiyə nail olunmuşdur. Səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidmətin keyfiyyətcə daha da yaxşılaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün görülən işlər sırasında muxtar respublikada tibb elminə dair yeni kitabların nəşrinin mühüm əhəmiyyətini qeyd edən səhiyyə naziri təqdimatı keçirilən kitabların ali məktəblərin tibb fakültələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbələr, həmçinin praktik fəaliyyət göstərən bütün tibb işçiləri üçün faydalı olduğunu vurğulamış, müəllifləri təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov təqdimat mərasimində çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də mühüm işlər görülmüş, elm və təhsil müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmış, elektron kitabxanalar qurulmuş, elmi mühit formalaşmışdır. Naxçıvanın tarixi və abidələri, arxeologiya və etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti, təbii sərvətləri və biomühiti ciddi tədqiqatların predmetinə çevrilmişdir. Aparılan elmi araşdırmaların ən son nailiyyətlərini əks etdirən kitab və monoqrafiyalar, ensiklopediyalar, konfrans materialları nəşr edilir. Müstəqillik illərinin bu nəşrləri XX əsrdə çap olunan nəşrlərdən çoxdur. Bununla yanaşı, bu nəşrlərin ictimaiyyətə təqdimatı da diqqətdə saxlanılır. Ötən müddət ərzində siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Asiya ölkə­ləri beynəlxalq münasibətlər sistemində” kitabının Bakı Dövlət Universitetində və Naxçıvan Dövlət Universitetində ictimaiyyətə təqdimatı olmuşdur. Bundan başqa, Ali Məclis Sədrinin qayğısı ilə nəşr olunan bir çox əsərlərin – “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, ikicildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı”, “Naxçıvan tarixi” çoxcildliyinin I və II cildi, “Naxçıvan-Şərur el yallıları”, “Tarixi mənbələrdə Nuh Peyğəmbər”, ikicildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, üçcildlik “Naxçıvanın folklor antologiyası”, “Naxçıvan teatrının salnaməsi”, “Məhəmməd Tağı Sidqi: taleyi və sənəti” kitablarının da təqdimatı olmuşdur.
Vurğulanmışdır ki, bu gün “Anatomiya, fiziologiya və patologiyanın əsasları” və “Farmakoqnoziya botanikanın əsasları ilə” dərsliklərinin təqdimatı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında keçirilir. Təqdimatına toplaşdığımız dərsliklər nəfis tərtibatı və elmi dəyəri ilə seçilir. Bu kitabların, demək olar ki, biri digərini tamamlayır. Belə ki, “Anatomiya, fiziologiya və patologiyanın əsasları” dərsliyi orqanizmin quruluşu, inkişafı və formasından, “Farmakoqnoziya botanikanın əsasları ilə” dərsliyi isə xəstəliklərin müalicəsindən bəhs edir. Müalicə üsullarının təbii dərman bitkiləri hesabına aparılması isə müəlliflərin uzunmüddətli tədqiqatlarının nəticəsi kimi kitabın dəyərini daha da artırır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi müstəqillik illərinə qədər sistemli tədqiq olunmamışdır. Müstəqillik illərində bu sahədə aparılan tədqiqatlar artırılmış, təbii sərvətlərin ehtiyatı, tətbiq sahələri araşdırılmış, ondan səmərəli istifadə yolları müəyyənləşdirilmişdir. Dərman bitkilərinin öyrənilməsi və istifadəsi aparılan tədqiqatlar içərisində öz aktuallığı ilə seçilir. Tədqiqatlar nəticəsində muxtar respublikada 800 növə yaxın dərman bitkisi müəyyənləşdirilmişdir. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi olaraq 2015-ci ildə “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı nəşr olunmuşdur. “Farmakoqnoziya botanikanın əsasları ilə” kitabı da bu istiqamətdə aparılan tədqiqatların davamıdır. Kitabda dərman bitkilərinin xarakteristikası, ekoloji şəraiti, yayılması, toplanılması, qurudulması, saxlanılması, kimyəvi və farmakoloji tərkibi ilə bağlı geniş məlumat verilmiş, dərman bitkilərinin xüsusiyyətləri ilə yanaşı, onların istifadə və qəbul qaydaları müəyyənləşdirilmişdir.
“Muxtar respublika ərazisində mövcud olan dərman bitkilərinin xüsusiyyətlərinin, xəstəliklərdə faydalılığının müəyyənləşdirilməsi elmdən təcrübə istiqamətində aparılan tədqiqatlar sırasındadır. Bu sahədə aparılan tədqiqatlar, əldə olunan uğurlu nəticələr onu deməyə əsas verir ki, muxtar respublikada dərman bitkilərini tədarük edəcək farmakoloji müəssisənin yaradılması üçün zəruri elmi baza artıq formalaşmışdır”, – deyən Rəhman Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hər iki kitab tibb təhsili alan tələbələr, müəllimlər, həkimlər, bioloqlar, təbiətşünaslar, xalq təbabəti ilə məşğul olan loğmanlar üçün faydalı mənbədir. “Farmakoqnoziya botanikanın əsasları ilə” kitabının elmi dəyəri nəzərə alınaraq elektron variantı hazırlanmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvanşünaslıq” Mərkəzinin, Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və Naxçıvan Dövlət Universitetinin elektron kitabxanalarında yerləşdirilmişdir. Bu isə muxtar respublikadan kənarda yaşayan oxucuların da kitabdan yararlanmasına imkan verəcəkdir.
Rəhman Məmmədov “Anatomiya, fiziologiya və patologiyanın əsasları” və “Farmakoqnoziya botanikanın əsasları ilə” dərsliklərinin müəlliflərinə təşəkkürünü bildirmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.
Sonra AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov “Farmakoqnoziya botanikanın əsasları ilə” kitabının elmi əhəmiyyəti”, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov “Farmakoqnoziya botanikanın əsasları ilə” və “Anatomiya, fiziologiya və patologiyanın əsasları” kitablarının tədris vəsaiti kimi əhəmiyyəti” mövzularında çıxış etmiş, Naxçıvan Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva hər iki kitabın elmi əhəmiyyəti, nəşri haqqında məlumat vermişdir.
Naxçıvan Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadova, biologiya üzrə elmlər doktoru Ramiz Ələkbərov, biologiya üzrə elmlər doktoru Abbas İsmayılov, biologiya üzrə elmlər doktoru Hilal Qasımov, əczaçı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Şəfiqə Qasımovanın “Farmakoqnoziya botanikanın əsasları ilə” və tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva, Mehri Seyidbəyli, Xəyalə Çələbinin “Anatomiya, fiziologiya və patologiyanın əsasları” adlı kitabları “Əcəmi” nəşriyyatında ofset çap üsulu ilə yüksək poliqrafik keyfiyyətlə çap olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR