22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə keçirdiyi sertifikasiya imtahanlarını davam etdirir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış və təkcə cari ilin ötən dövründə 381 nəfər test imtahanlarında, 284 nəfər isə müsahibələrdə iştirak etmiş, 38 həkim, 266 orta tibb işçisi növbəti beş il üçün sertifikat almışdır.
Noyabrın 16-da sertifikasiya imtahanının növbəti müsahibə mərhələsi keçirilmişdir. Bu mərhələdə Naxçıvan Muxtar Respublika Xəstəxanası və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının tibb bacıları biliklərini sınamışlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən müsahibə turunda tibb bacılarına öz ixtisaslarına aid nəzəri, habelə onların bilik səviyyəsini və peşə vərdişini müəyyən edən praktik suallar verilmişdir.
Müsahibələr açıq, hər bir orta tibb işçisi ilə fərdi qaydada 30 dəqiqə müddətində aparılmışdır. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilmişdir.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini elan etmişlər. İmtahanda iştirak etmiş 28 nəfərin hamısı sertifikasiya imtahanını uğurla başa vurmuşdur. İmtahanların şəffaf, tam obyektiv şəraitdə keçirilməsi tibb işçilərinin hazırlığına öz müsbət təsirini göstərdiyindən uğur qazananların sayı get-gedə artır. Zəruri həddi keçə bilməyənlər isə 6 ay ərzində təkmilləşdirmə kursu keçərək yenidən öz biliklərini sınayırlar.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR