Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserdə 14 noyabr – Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserin baş həkimi Mirkamal Seyidov bildirib ki, hər il dünyada, təxminən, bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.
Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi 160-dan çox ölkədə qeyd edilir. Kampaniya ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə məlumatlandırmaq məqsədi daşıyır. Ümumdünya Diabet Günü milyonlarla insanı – şəkər xəstəsi olan və olmayan uşaq və yetkin insanları, səhiyyə mütəxəssislərini bir yerə toplayır, diabetlə bağlı qlobal məlumatlılıq artırılır, bu xəstəliyin qarşısının alınması yolları araşdırılır.
Baş həkim vurğulayıb ki, Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı” təsdiq edilib.
Sonra Endokrinoloji Dispanserin həkimi Aysel Dünyamalıyevanın “Diabet xəstəliyinin erkən diaqnostikası, insulinlə müalicəsi, uşaqlarda şəkərli diabetin xüsusiyyətləri” mövzusunda məruzəsi, dispanserin həkimi Gülşən Həsənquliyevanın, Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu İlham Seyidovun çıxışları dinlənilib. Məlumat verilib ki, muxtar respublikamızda da görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşdırılıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Təkcə bu ilin ötən 10 ayında 1137 ədəd şəkərölçən cihaz, 2067 qutu şəkərölçən test paylanıb. Bu cihaz və testlər Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserdə qeydiyyatda duran hər bir xəstənin özünə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. 2011-ci ildən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin laboratoriyasında şəkərli diabet xəstələri üçün qlükozalaşmış hemoqlobinin təyininin tətbiq olunması həmin xəstələrin qanında şəkərin miqdarına daha dəqiq nəzarət etməklə diabet əleyhinə dərman preparatlarının dozasının müəyyən edilməsini daha da asanlaşdırıb.
“2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın icrası üçün Endokrinoloji Dispanser tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə artıq 4 ildən çoxdur ki, diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur. Məqsəd muxtar respublikanın şəhər və rayonlarında ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır.
Hazırda dispanserin fəaliyyətində əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəldilib.
Tədbirdə nazirliyin strukturuna daxil olan səhiyyə müəssisələrinin həkim-endokrinoloqları, terapevt və aid işçiləri işirak ediblər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti