Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası davam etdirilir.
Naxçıvan Dövlət Universitetində keçirilən növbəti test imtahanında Naxçıvan Muxtar Respublika Xəstəxanasının orta tibb işçiləri öz bilik və bacarıqlarını sınamışlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 81 tibb işçisinə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
İmtahanda 55 nəfər 90-100 intervalında bal toplamışdır ki, bu da əvvəlki imtahanlara nisbətən daha yüksək nəticədir. Yüz ballıq nəticəyə yaxınlaşanların da sayı əvvəlkilərə nisbətən xeyli artmışdır. Tibb bacılarından 12 nəfəri 97-99 arası, Naxçıvan Muxtar Respublika Xəstəxanasının orta tibb işçiləri Seyran Əhmədova və Bahar Hüseynova isə 100 bal toplamışlar.
İmtahanlarda zəruri həddi keçə bilməyənlərin də sayı get-gedə azalır. Növbəti imtahanda 81 nəfərdən yalnız 5 nəfəri lazımi nəticəyə nail ola bilməmişdir. Onlar 6 ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikasiya test imtahanlarında iştirak edəcəklər.
Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti həftə ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti