22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi oktyabr ayında öz işini təsdiq olunmuş iş və tədbirlər planına uyğun quraraq əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması xidmətin səviyyəsini xeyli yaxşılaşdırmış, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması vətəndaşların sağlamlığının qorunması işində mühüm rol oynamışdır. 

Ötən ay Ordubad rayonunun Tivi kəndində həkim ambulatoriyasının və Şərur rayonunun Yuxarı Yaycı kəndində feldşer-mama məntəqəsinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaratdığı həkim briqadası Tivi kənd həkim ambulatoriyasında 300 nəfər kənd sakinini profilaktik tibbi müayinədən keçirmiş, səhiyyə maarifi işi aparmışdır. Onlardan 127 nəfəri məktəbin şagirdləridir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən idarə olunan yoluxucu xəstəliklərin immuno­profilaktikası məqsədilə peyvənd materialları, öz-özünü məhv edən şpris və işlənmiş materialları yığmaq üçün konteyner, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstə­likləri İnstitutundan isə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dərman preparatları və bakterioloji laboratoriyaya ehtiyac olan miqdarda reaktivlər gətirilmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsinə başlanılmış, 25 min 899 şagirddə dərin tibbi müayinə aparılmış, poliomielit xəstəliyinin profilaktikası məqsədilə 7 min 466 uşaq tur ilə əhatə olunmuşdur.
Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstə­likləri şöbəsinin müdiri Rəşad Mahmud­ovun rəhbərlik etdiyi 10 nəfərlik heyət Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 10 nəfərdə açıq ürək və 1 nəfərdə periferik damar əməliyyatı həyata keçirmiş, 55 nəfərdə müayinələr aparılmışdır.
Bakı şəhərində fəaliyyət göstərən Bioloji Təbabət Klinikasının həkimi, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli və Almaniyanın Viadrina Universitetinin bioloji təbabət üzrə ekspert professoru Gerhard Raysın iştirakı ilə Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Modul A” tədris proqramının ikinci hissəsi üzrə 3 günlük seminar-kurs, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixiatriya və narkologiya kafedrası professorlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində psixiatr və Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə psixiatriyanın aktual problemləri mövzusunda 15 günlük səyyar təkmilləşmə kursu keçirilmişdir.
Həkim ambulatoriyalarının və Naxçıvan şəhər tibb müəssisələrinin laborantlarının iştirakı ilə Naxçıvan Tibb Kollecində laboratoriya işi üzrə bir aylıq təkmilləşmə kursu aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən oktyabr ayı ərzində Ordubad rayonunun kəndlərinin təhsil müəssisələrində işləyən 47 qadının süd vəzində profilaktik müayinə aparılmış, 3 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə dəvət edilmişdir.
Bəhs olunan dövrdə 80 nəfər orta tibb işçisi sertifikasiya test imtahanlarında iştirak etmiş, onlardan 75 nəfəri zəruri nəticəyə nail olmuşdur.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirmiş, Diaqnostika-Müalicə Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 28 nəfər işçisindən 12 litr qan götürülmüşdür. Aşura günü ilə əlaqədar məscidlərdə qanvermə aksiyası keçirilmiş, 625 nəfərdən 188 litr qan tədarük edilmişdir.
Yod çatışmazlığının profilaktikası məqsədilə məktəbyaşlı uşaqlar arasında endemik zobun yayılmasının qarşısını almaq üçün 6 min 761 uşaq və 1067 müəllim, texniki işçilər müayinədən keçirilmiş, 46 uşaq xəstə­liyə şübhəli olduğu üçün Endokrinoloji Dispanserdə müayinələrə cəlb olunmuşlar.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə oktyabr ayı ərzində muxtar respublika üzrə 27 nəfər Bakı şəhərindəki Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 42 nəfər Mərdəkan qəsəbəsindəki Müharibə və Əmək Veteranları Pansionatına, 11 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR