Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək üçün hazırda muxtar respublika səhiyyəsində ardıcıl tədbirlər həyata keçirilir.
Adıçəkilən proqram uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilməklə 2013-2017-ci illəri əhatə edir və uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini, əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.
Uşaqların icbari dispanserizasiyası hazırda davam edir. Cari ilin oktyabr ayında bu iş Naxçıvan şəhər uşaq müalicə müəssisələrində mütəşəkkil xarakter almışdır. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, LOR, dəri həkimi, cərrah-travmatoloq, nevropatoloq, göz həkimi ixtisaslarından ibarət həkim briqadası Naxçıvan şəhərindəki 20 tam orta məktəbdə 10 min 541 uşaq müayinə edərək aşkar olunan xəstələri dispanser müşahidəyə götürmüşdür. Eyni zamanda sahə həkim briqadaları tərəfindən evlərdə dispanserizasiya işləri aparılmışdır.
Ay ərzində Şərur rayonunda 7 min 875, Babək rayonunda 2 min 250, Ordubad rayonunda 1283, Culfa rayonunda 1080, Şahbuz rayonunda 860, Kəngərli rayonunda 980, Sədərək rayonunda isə 560 nəfər olmaqla, muxtar respublika üzrə 21 min 760 nəfər dispanserizasiyadan keçmiş, 258 nəfər xəstə və xəstəliyə meyilli uşaq aşkar edilərək dispanser qeydiyyatına götürülmüşdür. 87 uşaq təkrar olaraq ixtisaslı müalicə üçün stasionar müayinələrə göndərilmişdir. Müayinə olunan uşaqların Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində registri yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti